05 noyabr 2019 19:45
231

Bu gün Azərbaycan ən arzuolunan ölkələrdən biridir - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovdur

Hər günün bir hesabat xarakteri daşıdığını nəzərə alsaq, 28 illik müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın keçdiyi inkişaf yolunu bir müsahibədə əhatə etmək qeyri-mümkündür. Bu baxımdan Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovla həmsöhbət olub, təkcə cari ilin arxada qalan aylarının ümumi iqtisadi, siyasi, beynəlxalq mənzərəsini yaradıb oxucularımızla bölüşmək istədik.

- Hüseynbala müəllim, Azərbaycanın bu günündən dünəninə nəzər saldıqda daha çox hansı məqamları qeyd etmək istərdiniz?

- Ümumiyyətlə, keçilən yola düzgün dəyər vermək, nəyin yaxşı, nəyin pis olduğunu daha dəqiq müəyyənləşdirmək üçün  mütləq müqayisə aparmağa bir ehtiyac yaranır. Öncə hər birimiz özümüzə bir sualla müraciət etməliyik: Doğma Azərbaycanımızın müstəqillik yaşı nə qədərdir?

Düşünürəm ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu kimi məqamlara işıq saldı. Ən əsası bir daha bu reallıq öz təsdiqini tapdı ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir, yenilməzdir. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Tariximiz bizim üçün dərs olmalıdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşananlar yaddaşlardadır. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti, idarəçilik təcrübəsinin yoxluğu, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması Azərbaycanı xaosa, anarxiyaya, özbaşınalığa, iqtisadi tənəzzülə, torpaqlarımızı biri-birinin ardınca işğala sürükləmişdi.  28 illik müstəqillik tariximizin qara ləkəsi kimi xarakterizə olunan ilk üç ilini nəzərə almasaq, müstəqil Azərbaycanımızın 25 yaşı var.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq ölkədə daxili sabitlik təmin olundu, digər sahələrdə mövcud uğursuzluqların aradan qaldırılması istiqamətində addımlar atıldı. Bu gün böyük fəxrlə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir.

Heydər Əliyev yolunun  25 ildə Azərbaycana qazandırdığı uğurların miqyası o qədər böyükdür ki, bu inkişaf, tərəqqi beynəlxalq aləmdə, ölkəmizə gələn qonaqlar tərəfindən möcüzə kimi dəyərləndirilir. Hər gün, hər an gözümüzün qarşısında davamlı uğurlara imza atan, təkmil islahatları ilə dünyanın ən islahatçı, xoşbəxt, təhlükəsiz ölkələri sırasında yer alan Azərbaycan dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğu günümüzün reallıqlarında özünü qabarıq şəkildə büruzə verir.

Bir mühüm məqamı xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu təkcə ölkəmizə, eyni zamanda, dünyaya açılan qapıdır. Bu qapıdan ölkəmizə daxil olan qonaqlar, həmçinin ölkədən kənara çıxan vətəndaşlarımız uğurlarımızı daha aydın görmək, öz xəyallarında daha yeni, təkmil mənzərə yaratmaq imkanı əldə edirlər. Elə Hava Limanından yaranan xoş əhval-ruhiyyə şəhərə doğru irəlilədikcə beynəlxalq standartlara cavab verən yollarımızın, geniş yaşıllıq zolaqlarının fonunda daha da artır, “Azərbaycan hekayəsi”nin yaranmasını şərtləndirir. Beynəlxalq mətbuatda, eyni zamanda, ölkəmizə gələn qonaqlarının təəssüratlarında Bakı hər zaman müasirliyi və qədimliyi özündə sintez edən şəhər kimi xarakterizə olunur.

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Hər ay, hər həftə ölkəmiz müəyyən bir sahəni əhatə edən beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim irəliyə baxmağa bir çağırış edir, atdığı biri-birindən əhəmiyyətli addımları, imzaladığı Fərman və sərəncamları ilə təkmilləşmənin, yeniləşmənin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqləyir.

“İlham Əliyev yolu” sərlövhəli məqaləmdə bu kimi məqamları xüsusi qeyd etmişəm. Təkcə doğulduğum Lerik rayonunun Nuravud kəndinin timsalında Azərbaycanın bugünkü iqtisadi inkişafını aydın görmək mümkündür. Yollar tam təmir olunub, yeni yollar salınıb, kənd və qəsəbələri birləşdirən yollar yenidən qurulub, beynəlxalq standartlara uyğunlaşdırılıb.

“İlham Əliyev yolu” başlıqlı məqaləmdə bu məqamı xüsusi qeyd etməyim səbəbsiz deyil: “Həmişə deyirəm ki, iki ata yurdum var. Biri doğulduğum Lerik rayonunun Nuravud kəndi, biri də böyüdüyüm, orta məktəbi qızıl medalla bitirdiyim, atamın-anamın qəbri olan Lənkəran...”

Bu fikirlərin arxasınca bildirirəm ki, kəndin də, şəhərin də, dağın-daşın da, otun-ağacın da onu sevən insanlara ehtiyacı var. Bu sevgi olsa, onda heç bir kənd yaddan çıxmayacaq, o kənddəki heç bir ev diqqətdən kənarda qalmayacaq, heç bir dağ qərib düşməyəcək, o kəndlərə aparan yolları kol-kos basmayacaq. Belə bu məqamda maraqlı bir formul haqqında da düşünürəm: bu, vətəndaşının rifahı üçün çalışan dövlətin, bu amalla yaşayan dövlət adamının həyata keçirdiyi siyasətin formuludur.

Lerik rayonunun dünənini bu günü ilə müqayisə etdikcə bu diqqət və qayğının sayəsində baş verən yenilikləri görür, qürur duyuram. Bircə bu faktı qeyd etmək kifayətdir ki, quş qonmaz dağların ətəyində yerləşən kəndə 10 ildən artıqdır ki, təbii qaz verilir. Bu illər ərzində geniş, rahat yollar salınıb, infrastruktur yenilənib, yeni məktəb binası tikilib istifadəyə verilib. Bu, inkişaf deyilmi? Doğulduğum Lerik rayonunun Nuravud kəndinin yolları  elə idi ki, atla belə cığırı çətinliklə keçmək olurdu. Bu gün həmin yollar tamamilə yenilənib, insanların rahat gəlişi-gedişi təmin edilib. Fikrimcə, Nuravud kəndi dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin təqdimatıdır.

Hər gün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə yol tikintisinə nə qədər vəsaitlər ayrılır? Lənkəran-Astara , Lənkəran-Lerik yolunu xüsusi qeyd etmək istərdim. Yol böyük inkişaf deməkdir.

Dövlətimizin başçısı İlham Əliyev bu kimi addımları ilə daim vətəndaşının yanında olduğunu, dövlətin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayandığını təsdiqləyir. Bütün bu uğurlar ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verərək, uğurlu neft strategiyasının əsasını qoyması və hazırda bu xəttin Prezident İlham Əliyevin davam etdirməsidir. Bugünümüzün reallıqları neft kapitalının insan kapitalına çevrildiyini nümayiş etdirir. Xatırladım ki, “Əsrin müqaviləsi”nin 5 illiyi ilə əlaqədar tədbir keçiriləndə, o zaman cənab İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti idi, çıxışında ilk dəfə bildirdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən də bu tezisin gerçəkləşməsi uğrunda mühüm addımlar atdı və bu gün böyük əminliklə qeyd edirik ki, vətəndaş amil dövlət siyasətinin əsasında dayanır. Neft gəlirlərinin düzgün istifadəsi qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş yol açır.

Belə bir ümumiləşdirməni apara bilərik ki, bu gün Azərbaycan ən arzuolunan ölkələrdən biridir. Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması onun siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir.

- 2019-cu ilin arxada qalan ayları Azərbaycanın diplomatik uğurlarına hansı yenilikləri əlavə etdi?

- Azərbaycanın 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu  ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etməsi, yekunda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi, Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi sənədlərin qəbul olunması və sair kimi mühüm diplomatik uğurlar ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən yeri və roluna, mövqeyinə işıq salmaqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə gedən yolun yaxınlaşdığına da işarədir. Dövlətimizn başçısı İlham Əliyevin bu tədbirlərdən öncə Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, həmçinin MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində erməni yalanlarını ifşa edən, ən əsası işğalçı dövlətə və onun himayədarlarına ciddi mesaj kimi dəyərləndirilən “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı istər ölkə, istərsə də dünya ictimaiyyəti tərəfindən cənab İlham Əliyevin qətiyyətinin, dövlətimizin müstəqil siyasətinin təntənəsi kimi yüksək qiymətləndirildi. Dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirdi ki, heç bir qüvvə torpaqlarımızı bizdən ala bilməz. Qarabağ Azərbaycandır! Bu, bizi sevməyən, qara qüvvələrə ciddi mesaj oldu.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında ümumxalq hərəkatının yaradılması təşəbbüsü paytaxt və bölgələrimizdə yüksək dəyərləndirildi, bu hərəkata minlərlə insanlar qoşuldu, ən əsası sosial şəbəkələrdə ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrə cavab olaraq Azərbaycan reallıqları faktlar əsasında diqqətə çatdırılır.

- Hüseynbala müəllim, Yeni Azərbaycan Partiyasının fəaliyyətindən söz düşmüşkən, yaxın günlərdə partiyanın yaradılmasının 27 illiyini qeyd edəcəyik. 27 illik yol qarşıdakı illər üçün hansı bazanı formalaşdırıb?

- Partiyanın yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Eyni zamanda, Ümummilli Lider bildirmişdir ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Təkcə bu iki tezisə istinad etsək, bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının qət etdiyi 27 illik yolun böyük uğurlarla zəngin olduğunu aydın görə bilərik. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır.

YAP tarixə qələbələr partiyası kimi daxil olub. Sözlə əməl birliyi, populizmdən uzaq olmaq, dövlətə, xalqa xidmət bu partiyaya milyonların sevgisini şəksiz edir. Hər bir seçki prosesindən böyük qələbə ilə çıxan YAP növbəti bəldiyyə seçkilərinə də yüksək əhval-ruhiyyə ilə qatılır.

Təkcə YAP Xətai rayon təşkilatının timsalında hazırlıq prosesinin mütəşəkkilliyini qeyd edə bilərik. Xətai rayonunda dörd dairə var. 19 nəfər Xətai bələdiyyəsinin, 13 nəfər isə kənd Əhmədli bəldiyyəsinin üzvü olacaq. 32 yerin hamısına Yeni Azərbaycan Partiyasının namizədlərini irəli sürmüşük. Çalışacağıq ki, maksimum yerləri qazanaq.

Bu il seçki ili olmaqla yanaşı, həmçinin cənab İlham Əliyevin Sərəncamı ilə “Nəsimi ili” elan edilib. Partiyanın bu istiqamətdə də tədbirləri silsilə xarakteri daşıyır.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü dəstəkləyir və bu prosesdə fəal iştirak edəcək. YAP Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə fəaliyyət proqramı əsasında müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər YAP-ın sosial layihələrdə fəal iştirakına, ən əsası Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə töhfələr vermək istəyini ortaya qoyur.

YAP-a milyonların sevgisi şəksizdir. Heydər Əliyev ideyalarına sədaqət, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək bu sevgini tükənməz edir, partiyanın gələcəyinə inamı daha da artırır.

- Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır” çağırışını necə şərh edərdiniz?

- Ümumiyyətlə, istər gənc, istərsə də ahıl olsun, hər kəs Azərbaycana xidmət etməlidir. Çünki Azərbaycan bizim əbədi evimizdir. Bu, gələcək nəsillərin evidir. Bunu qorumalıyıq, sevməliyik. Gənclər, hər bir Azərbaycan vətəndaşı bu ölkəni sevməlidir. Əgər sevərlərsə, öz vəzifə, vətəndaşlıq borclarını da layiqincə yerinə yetirəcəklər.

Əlbəttə, gəncliyi dəstəkləyirəm. Dövlətimizin başçısı İlham Əliyevin gəncləşmə siyasəti təqdirəlayiqdir. Ölkə Prezidentinin vurğuladığı kimi, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Gənclərlə öz təcrübələrini paylaşmalı, onlara yol göstərməlidirlər. Böyük sözünə hər zaman ehtiyac var.

Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün hər cür şərait yaradılıb. Müasir dövrün yeni texnologiyalar əsri olduğunu nəzərə alsaq yeni, müasir düşüncəli gənclərə böyük ehtiyacın olduğunu daha geniş mənada dərk etmək mümkündür. Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi, yeni-yeni hədəflərə yüksək səviyyədə nail olması üçün birgə səylərin göstərilməsi, ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması mütləqdir. 

- Hüseynbala müəllim, Azərbaycanın tarixinə yazdığı hər bir uğur səhifəsi daxili və xarici antiAzərbaycan qüvvələrin qısqanclığı ilə qarşılanır. Bu ünsürlərə hansı çağırışı edərdiniz?

- Təbii ki, belə ikrah doğuran yolu tutanlar Azərbaycanı sevməyən, Azərbaycanın gələcəyini düşünməyən, keçmişlərini yaddan çıxaran ünsürlərdir. Bu gün özlərini hakimiyyət kürsüsündə görmək arzusunda yaşayanların birillik hakimiyyətləri dövründə Azərbaycanın böyük faciələrlə üz-üzə qaldığını müsahibənin əvvəlində qeyd etdim. Azərbaycan xalqı bu ünsürlərin nəyə qadir olduqlarını çox yaxşı bilir, ən əsası belələrinə cəmiyyətdə yer olmadığını dəfələrlə bildiriblər. Bu ünsürlər özlərində cəsarət tapıb siyasi meydanı tərk edə bilmirlər. Bu da onların şəxsi ambisiyalarının quluna çevrilmələrinin sübutudur. Daxili bədxahlarımızın xarici antiAzərbaycan dairələrin əlində öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitəyə çevrilmələri onların nə qədər çılız, simasız, vətəndaşlıq təəssübkeşliyindən uzaq olduqlarını nümayiş etdirir. Xalq-iqtidar birliyi, Azərbaycanın reallıqları belə cəhdlərin nə qədər əbəs olduğunu bir daha həmin ünsürlərə xatırladır. Daim bəyan edildiyi kimi, heç bir qüvvə xalqın iradəsinə təsir göstərə bilməz. Azərbaycan müstəqil dövlətdir, atdığı hər addımında dövlətin, xalqın maraqları öndə saxlanılır.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), 
“İki sahil”