25 yanvar 2021 19:03
785

Bu gün yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır

«Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliliyinin yüksəldilməsini və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Azərbaycan ilə Türkmənistan arasında əldə olunmuş razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan ola bilər. Beynəlxalq statusa malik olan bu anlaşma region ölkələrinin hamısına faydalılıq vəd edir. Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Bu çərçivədə Azərbaycanla Qazaxıstanın imzaladıqları Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş və Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Sazişin imzalanmasına nail olunub.»

Bu fikirləri İkisahil.TV-yə iqtisad elmləri doktoru Elşad Məmmədov bildirib.

Elşad Məmmədov qeyd edib ki, Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunub ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində «Xəzər dənizinin hüquqi statusu haqqında» Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”. Xəzəryanı dövlətlərin 2018-ci ildə qəbul etdikləri Konvensiya faktiki olaraq bölgənin sosial-iqtisadi və siyasi, humanitar inkişafı üçün kifayət qədər ciddi zəmin yaratmış oldu. Azərbaycan ilə Türkmənistan prezidentlərinin «Dostluq» yatağının birgə istismarı ilə bağlı qəbul etdikləri qərar məhz sabitlik və inkişaf nöqteyi-nəzərdən olduqca ciddi qərar kimi mövqeləşməkdədir. Uzun illər bölgədən uzaq dövlətlərin müdaxiləsi nəticəsində Xəzərdə mövcud olan problemlərin dərinləşməsi trend təşkil edirdi. Son illər məhz Xəzər bölgəsi dövlətlərinin regionun inkişafının müəyyənləşdirilməsi istiqamətindəki səyləri bölgənin sabitlik və inkişaf məkanına çevrilməsi üçün şərait yaratmış oldu. Azərbaycanla Türkmənistanın bütövlükdə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud potensial var. Dünyada və bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqların formalaşması göz qabağındadır. Belə olan halda regional iqtisadi əməkdaşlığın dərinləşməsinə çox ciddi ehtiyac formalaşıb.

E.Məmmədov hesab edir ki, yeni platformaların sabitliyə xidmət etməsi ölkələrimiz arasındakı iqtisadi əlaqələrin potensialını xeyli dərəcədə reallaşdırmış olacaq. Hər iki ölkə kifayət qədər böyük iqtisadi resurslara malikdir. Eyni zamanda, Azərbaycan ilə Türkmənistanın dayanıqlı və qabaqlayıcı iqtisadi inkişaf xəttinə keçmələri üçün tam şəkildə şərait var. Ölkədə və bölgədə baş verən proseslər kontekstində Azərbaycan xarici iqtisadi əlaqələrin qurulması və   Türkmənistan üçün bu proseslərin reallaşdırılması baxımından məhz bölgə ölkələri ilə qarşılıqlı humanitar, iqtisadi, siyasi əlaqələrin dərinləşməsinə ehtiyac var. Düşünürəm ki, bu gün yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.

Şəmsiyyə Əliqızı, «İki sahil»