09 sentyabr 2019 12:15
146

Bu həftə gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılacaq

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, əsasən də ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən "iki sahil"ə verilən məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonunun ucqar dağ kəndlərində start verilib.

Mövsümqabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar ilk səyyar satış sentyabr ayının 10-da Şəmkir rayonunun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara bu xidmətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeyd edək ki, “Aqrolizinq” ASC belə səyyar satışları 2019-cu il aprel ayına kimi azot gübrəsinin mövsümü zamanı da təşkil edib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar