29 yanvar 2019 10:29
460

Bu hərəkatın formalaşması bölgələrin inkişafını da sürətləndirəcək

Birinci Avropa Oyunlarında Azərbaycanı qonaqlara tanıtmaq üçün müxtəlif tədbirlər vasitəsilə milli mənəvi dəyərlərimizin təbliğində fəallıq göstərən könüllülərdən ibarət gənclərin təşəbbüskarlığını yüksək dəyərləndirən Prezident İlham Əliyev bu hərəkatda iştirak edən gəncləri qürur mənbəyi adlandıraraq onların fəallığını xüsusi vurğuladı: “Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Könüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər.” Əvvəllər sosial və tibb strukturlarında daha geniş yayılan könüllülük hərəkatı artıq bir çox sahəni əhatə edir. Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən cənab İlham Əliyev aqrar sahədə də könüllülər dəstəsinin formalaşmasını gəncliyin bitib-tükənməz yaradıcılıq istəyinin nümunəsi adlandırdı: “Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub... Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər.”

Son illərdə aqrar sahənin inkişafı üçün həyata keçirilən islahatlardan olan Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bərpası, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksi”nin yaradılması da bu istiqamətdə icra olunan layihələrdəndir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. İdxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.

Əvvəllər kənd təsərrüfatı iqtisadiyyatın digər sahələri ilə müqayisədə bir qədər diqqətdən kənarda qalmışdı. Ancaq həyat göstərdi ki, bazar iqtisadiyyatının tələblərinə uyğun inkişafa nail olmaq üçün iqtisadiyyatın bütün sahələri, o cümlədən kənd təsərrüfatı şaxələndirilmiş siyasətə uyğun tənzimlənməlidir. Ölkəmizdə əhalinin 47 faizindən çoxu bölgələrdə yaşadığı üçün fermer təsərrüfatlarının inkişafı daha çox diqqət tələb etdi. Hərəkatın məqsədi illərdən bəri diqqətdən kənarda qalan və gənclərin o qədər də maraq göstərmədiyi aqrar sahədə də yeni nəslin iştirakını artırmaqdır. Könüllülər respublikanın 35 regionunda təşkilatlanıb. Qısa müddətdə 600-dən artıq gənc könüllülər hərəkatına qoşulub. Yaxın üç ildə onların sayının 10 mindən çox olacağı gözlənilir. Könüllüləri birləşdirən Dövlət Aqrar İnkişaf mərkəzlərində maarifləndirici iş aparılır. Hərəkatın genişləndirilməsi gənclərin mütəxəssis kimi formalaşmasına, regionlarda gənclər arasında məşğulluğun artırılmasına ən böyük dəstəkdir.

Açılışda qeyd olunduğu kimi, institut və onun qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.

İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub. İnstitutun istixanalarında, laboratoriyalarında lazımi şərait yaradılıb.

Əhalinin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı qəbul olunan sənədlərdə qeyd olunduğu kimi, aqrar sahəyə marağı və diqqəti artırmaqla daxili bazarı yerli məhsullarla təmin etmək ən başlıca vəzifədir. Regionlarda aqrar sahə ilə bağlı keçirilən müşavirələrdə dəfələrlə qeyd olunmuşdur ki, tərəvəzçilik ən böyük gəlir gətirən sahədir. Təcrübəli fermerlərin yetişdirdikləri,  ekoloji cəhətdən təmiz olan pomidor Azərbaycan brendi kimi xarici ölkələrdə daha çox alıcı diqqəti cəlb edir. Əvvəllər yetişdirilən məhsulların toxumları xarici ölkələrdən gətirilirdisə, bu institutun fəaliyyəti nəticəsində keyfiyyətli toxumlar da ölkəmizdə yetişdiriləcək. Çoxillik təcrübəyə malik fermerlərimizin dəstəyi ilə bu işlə məşğul olacaq könüllü gənclərimizin əməyindən səmərəli istifadə olunacaq. “Beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyatda şaxələndirmə siyasətində iştirak edəcək gənclərin aqrar sahəyə cəlb olunması ixtisaslı kadrların yetişdirilməsi imkanlarını da artıracaq.

“Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək” söyləyən cənab İlham Əliyev əmindir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gənclərin bu sahəyə marağını artıracaq. Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi isə görülən işlərin səmərəsini, kənd təsərrüfatının stimullaşdırılmasını daha da artıracaq.

Xuraman İsmayılqızı, “İki sahil”