22 noyabr 2019 14:34
713

Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi

“Cənab Prezident çıxışında yaxın siyasi keçmişimizin çox mühüm hadisələrinə toxundu, onlara yenidən qiymət verdi. Yeni gənc nəslin siyasi təfəkkürünün obyektiv əsaslarla formalaşması üçün çox yaxşı mesajlar verdi”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri zamanı çıxışına münasibət bildirərkən deyib.

Millət vəkili 1991-ci ilin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan qüvvələrin fəaliyyətindən danışaraq sözlərinə belə davam edib:

“Cənab Prezidentin səsləndirdiyi fikirlər həmin illərdə formalaşan antimilli hakimiyyətin fəaliyyəti nəticəsində sonrakı illərdə Azərbaycanda yaranan xaos və torpaqlarımızın işğalından bəhs edən hadisələrin izahatı idi. Azərbaycan Prezidenti qeyd etdi ki, o dövrdə hakimiyyətdə vahid komandanın olmaması, komanda üzvlərinin bir-birinə xəyanət etməsi, nəticə etibarilə milli maraqlarımıza zərbə vururdu. Və bu kontekstdə o dövrdəki ayrı-ayrı nazirlərin fəaliyyətinə toxunan cənab prezident çox düzgün qeyd etdi ki, vahid siyasi komanda olmayan yerdə, xəyanətkar insanların yer aldığı cəbhədə əlbəttə ki, əsla milli maraqları qorumaq olmazdı. Ona görə də mən düşünürəm ki, o dövrün ictimai-siyasi hadisələrinin ümumi xarakteristikasını çox aydın şəkildə təsvir edən Prezident, onların həm də bu gün yenidən hakimiyyətə gəlmək iddialarının xalq tərəfindən qəbul edilmədiyini dilə gətirdi. Düşünürəm ki, bu, bir daha Azərbaycan cəmiyyətində, onun ictimai şüurunda doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanların dövlət maraqlarına və milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi”.