28 iyun 2020 15:28
287

Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı

Prezident İlham Əliyevin təşəbbüsünü 130-dan çox dövlətin dəstəkləməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimiz xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə öz töhfələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə humanitar yardım göstərməsidir. Azərbaycan indiyə qədər 30-dan çox ölkəyə humanitar yardım göstərib. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdür. Bundan əlavə, Azərbaycan fərdi qaydada müvafiq beynəlxalq təşkilatlara da ianə verib. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır.

Deputat deyib ki, ölkəmizin koronavirusla mübarizə istiqamətdə təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Sammitdə dövlətimizin başçısı çox vacib bir təkliflə çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin. Bu, çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik reaksiya verməsinin göstəricisidir. Müvafiq qaydalara görə, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsü dəstəklədiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Artıq 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Şübhəsiz ki, BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. “Düşünürəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq”, - deyə S.Fətəliyeva qeyd edib.