13 iyun 2019 10:52
355

Bu qidalardan uzaq duraq!

Qida rasionlarımızda hər gün istifadə etdiyimiz bəzi məhsullar var ki, əslində onlar olduqca faydasızdırlar. Bəs onları faydasız hala gətirən səbəblər nələrdir? İnsan orqanizminə faydalı kimi görünən, amma əslində müxtəlif xəstəliklərə səbəb ola biləcək  zərərli qidaların adlarını təqdim edirik. Onu da qeyd edək ki, bu qidaları zərərli edən tərkiblərindəki maddələrlə yanaşı, həm də istifadə qaydalarıdır. Məsələn, toyuq əti tərkibindəki protein miqdarı ilə sağlıqlı qida hesab olunsa da, qızardılmış halda yeyərkən təhlükəli hala çevrilir. Mütəxəssislər qeyd edirlər ki, mikrodalğalı sobalarda isidilən yeməklər, partlamış qarğıdalı kimi çərəzlər orqanizm üçün zərərli hesab olunur.

Amerikanın sağlam həyat tərzi ilə bağlı maraqlı məlumatlar yayan eatthis.com saytının məlumatlarına görə qidalarla bərabər gündəlik içdiyimiz içkilər də tərkiblərində onlarla zərərli maddələr daşıyırlar. Saytın ən zərərli qidalar olaraq sıraladığı  məhsulların adları aşağıdakılardır.

Toyuq naggetsləri. Xüsusilə uşaqların restoranlarda sevərək yedikləri toyuq naggetsləri tərkiblərində olan qida boyaları, karajenan adlı maddələrlə orqanizm üçün ziyanlı hesab olunur.

Kolbasa və sosiskalar. Ağız dadımızı dəyişmək üçün və ya yüngül ayaqüstü atışdırmalıqlar kimi sevə-sevə istifadə etdiyimiz kolbasa və sosiskaların tərkiblərində çox miqdarda rast gəlinən nitrat və duz təhlükə mənbəyi hesab olunur.

Həddən artıq yağda qızardılan məhsullar tərkiblərindəki yüksək miqdarda yağla təhlükəli qidalar sırasında özlərinə yer tapıblar.

Un. Özündə birləşdirdiyi xlor dioksid maddələri ilə hər zaman bütün həkimlərin, dietoloqların uzaq durulması gərəkən məhsullardan biri kimi siyahıda öz yerini tapıb.

Cipslər. Monosodyum qlutamad adlı zərərli maddəni özündə birləşdirən və uzun müddət paketlərdə saxlanan kartof cipsləri orqanizmə zərər verən qidaların sırasında öndə gələnlərdəndir.

Qəhvə üçün süni qaymaq. Titanium dioksid, trans yağlar və yüksək miqdarda şəkəri özündə birləşdirən qəhvə üçün süni qaymaq təhlükə mənbəyi hesab edilir.

Sosiskalı sendviçlər (hotdog). Böyük kiçik demədən atışdırmalıqlar sırasında ən çox sevilənlərdən biri olan sosiskalı sendviçlər yüksək duz və qida boyalarını özündə birləşdirir.

Dondurulmuş balıq və dəniz məhsulları. Dəniz məhsulları, xüsusilə balıq tərkiblərində bol miqdarda olan protein və vitaminlərlə hər zaman tövsiyə olunan qidalar hesab edilsələr də, onları düzgün istifadə etməli, dondurmaqdan qaçmalıyıq.

Marqarin. Bəlkə də çoxları yeməkləri bişirərkən marqarindən edirlər. Ancaq onu bilməliyik ki, marqarinlər tərkiblərində olan soya yağı, trans yağları və qida boyaları ilə orqanizm üçün təhlükə mənbəyidir.

Hazır turşular. Yeməklərimizin yanında, salatlarda bəh-bəhlə istifadə etdiyimiz turşular da bu siyahıda özlərinə yer tapıblar. Yüksək duz və qoruyucu qatqı maddələri özlərində birləşdirən hazır turşular nə qədər damaq dadımıza uyğun gəlsələr də, zərərli qidalardandırlar.

Əridilmiş və ya hazır şokoladlarla bəzədilən şirniyyatlar da zərərli qidalardan hesab olunurlar. Baxmayaraq ki, günümüzdə şirniyyat qəbulu çoxumuz üçün ilk sıralarda gəlir ancaq onları yeyərkən bizə vurduğu ziyanları da nəzərə almalıyıq.

Siyahıda təmiz şəraitdə qurudulmayan meyvələrdir. Meyvə quruları həm çərəz kimi, həm də çayla çoxumuzun istifadə etdiyimiz qidalardandır. Ancaq onların da natəmiz şəraitdə qurudulanlarını yemək tərkiblərində olan sulfit maddəsi ilə orqanizmimizə ziyan vurur.

Sağlam yaşam mütəxəssisləri hazır salat souslarını da bu siyahıya aid ediblər. Belə ki, sodyum karboksimetil seliloza adlı maddə onları zərərlilər sıyahısına daxil edib.

Bulyonlar. Çox vaxt yeməkləri dadlandırmaq üçün istifadə etdiyimiz quru bulyonlar da ziyan saçan qidalardandırlar.

Dondurulmuş kartoflar tərkiblərində olan sodyum və trans yağları ilə bu siyahıda özlərinə yer tapıblar.

Amerikalı mütəxəssislər son olaraq idmançıların istifadə etdikləri içkiləri də bu siyahıya daxil ediblər.

Gəlin nəzərə alaq ki, həyatda heç nə sağlamlığımızdan vacib deyil. Ona görə də hər bir qidanı vaxtında, təmiz və mümkün qədər öz nəzarətimiz altında qəbul edək ki, həm özümüzü, həm də uşaqlarımızı qoruya bilək.

Nilufər Mustafaqızı, “İki sahil”