11 sentyabr 2019 10:10
118

Bu “seçkilər” də kriminal qondarma rejimin növbəti şousudur

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” keçirildi. Sözsüz ki, burada hər kəsə çox yaxşı bəlli olan bir reallıq var: hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçkidən” danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq.

Sözsüz ki, bütün ölkələr Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirlər. Bu son hadisələrdən sonra Avstraliyanın Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi. Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanımadığını vurğulayıb.

Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin  açıq şəkildə pozulması, Ermənistanın cinayətkar fəaliyyətinin gizlədilməsi üçün növbəti manipulyasiya və  növbəti dəfə beynəlxalq ictimayyəti belə təxribatla  üz-üzə qoymaq deməkdir: “Çünki Azərbaycanın işğal olunmuş ərazilərində istənilən seçkilərin keçirilməsini Ermənistanın  beynəlxalq səviyyədə növbəti  təxribatı, konfliktin həlli prosesinin və prosesə cəlb olunmuş beynəlxalq təşkilatlar və onların səyləri, təşəbbüsləri və s. kimi fəaliyyətinin Ermənistan tərəfindən sobataj edilməsi kimi qəbul etmək lazımdır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır, bu “seçkilər” də bundan öncəkilər kimi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində formalaşdırdığı kriminal qondarma rejimin uğursuz legitimləşdirmə cəhdlərindən biridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bərabər, həmçinin region üçün Avropa Birliyi və qlobal təhlükəsizlik üçün qısamüddətli və uzunmüddətli hesabda geniş təhdidlər yaratmaqdır”.

Politoloq onu da qeyd etdi ki, Dağlıq Qarabağ konfliktinin regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə hansı səviyyədə təhdid olması haqqında rəyləri isə həm bizim, həm də son illər dünyadakı qlobal təhlükəsizlik və strateji araşdırmalar mərkəzlərinin hesabatlarında yer alıb: “Təkcə 2019-cu il ərzində bir neçə təhlükəsizlik və strateji araşdırmalar mərkəzinin bu istiqamətdə hesabatlarını, britaniyalı araşdırmaçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabının dərcini, Dağlıq Qarabağdakı qanunsuz rejimin Ermənistan dövlətinin dəstəyi ilə mövcud olan və Yaxın Şərqdən Avropa Birliyinə qədər uzanmış olan narkotik, silah və insan alveri şəbəkəsinin ifşası, ekoloji layihələr adı altında Dağlıq Qarabağ bölgəsinin təbii sərvətlərinin talan edilməsi və s. xatırlatmaq yerinə düşür. Ən əsası isə Ermənistanın bu cinayətkar şəbəkənin fəaliyyətini gizlətmək üçün apardığı manipulyasiyaları qlobal təhlükəsizlik üçün, Avropa Birliyinin təhlükəsizlik mühitinə və onun enerji təchizatı marşrutlarına basdırılmış mina rolunu oynayır”.

Mənsumə Babayeva,

“İki sahil”