15 iyul 2020 13:52
709

Bu, xüsusi hazırlanmış qüvvələrin dövlətimizin əleyhinə planlı addımı idi

İyulun 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirir. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.

Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.

Bununla yanaşı, iyulun 14-də gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edilib, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərilib. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.

Milli Məclisin deputatı Qənirə Paşayeva məsələ ilə bağlı qəzetimizə açıqlamasında söylədi ki, bəzi təxribatçı qüvvələr insanların Vətənə, onun şəhidlərinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər: “Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. İndi də ermənilərin təxribatları ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Çox təəssüflər olsun ki, “Qarabağa azadlıq” və “Orduya dəstək” şüarı hansısa qüvvələrin təxribatı nəticəsində ali qanunvericilik orqanının binasına hücum və iğtişaşla nəticələndi. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kimlərinsə sifarişi ilə puç etdi. Bu görüntülərə baxarkən yəqin ki, bir çoxları ötən əsrin 1992-93-cü illərini xatırladı. O zaman da cəbhədə döyüşlərin gərgin vaxtında kimlərsə meydana axışaraq “Qarabağ” şüarı altında hakimiyyəti ələ keçirməyə çalışırdı. Sanki bu gecə kimlərsə həmin hərc-mərclik dövrünü bərpa etməyə, bulanıq suda balıq tutmağa çalışırdı. Bundan qazananlar isə ermənilər və onların dəyirmanına su tökənlər oldu.”

Q.Paşayeva qeyd etdi ki, ən böyük hörmətsizlik Orduya, cəbhə xəttində canlarından keçən şəhidlərimizin ruhuna qarşı edildi: “Onlar cəbhədə ona görə vuruşmurlar ki, Bakıda kimlərsə yalançı vətənpərvərlik görüntüsü, “Qarabağ” şüarı altında dövlət binalarını zəbt etməyə, iğtişaş törətməyə çalışsın. Biz bu gün dinindən, milliyətindən, siyasi baxışlarından, peşəsindən asılı olmayaraq bir olmalıyıq. Bu, ən azı cəbhədə gecə-gündüz vətənimizin keşiyini çəkən əsgərlərimizin, canlarından keçən şəhidlərimizin qarşısında mənəvi borcumuzdur. Bu gün bizim bir düşmənimiz var: Torpaqlarımızı zəbt edən erməni ordusu.”

Cavid Əkbərov, “İki sahil”