12 avqust 2020 18:33
1136

Büdcə xərcləri azalmayacaq

ARDNF-dən artan transfertlər bazarda dollar bolluğu yaradacaq

 

Bu gün iqtisadi müstəvidə ən çox diqqət cəlb edən məsələlərdən biri də, heç şübhəsiz ki, cari ilin dövlət büdcəsində edilən dəyişikliklərdir.

Xatırladaq ki, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər birinci və ikinci oxunuşda qəbul edilib. Dəyişikliklərə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat məbləğində olacaq. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilolmaları müvafiq olaraq 850 milyon manat və 30 milyon manat artırılır.

Yeni dövlət büdcəsində neftin bir barrelinin qiyməti 35 dollardan götürülüb. Bəzi istiqamətlərdə xərclər azaldılıb, digərlərində artırılıb. Məsələn, hərbi, səhiyyə xərcləri bu il nəzərdə tutulduğundan artıq olacaq. Büdcəyə cari ildə ARDNF-dən daxil olan vəsaitlərin miqdarının artırılması isə valyuta bazarında baş verənlər baxımından mühüm sayılır. Dövlət Neft Fondundan büdcəyə ödəniləcək əlavə vəsaitlər valyuta bazarında dollar satışını əhəmiyyətli dərəcədə artıracaq. Bu isə son günlərdə həmin istiqamətdə qeydə alınan ajiotaja son qoymaq üçün vacib sayılır.

Beləliklə, ARDNF-in xərcləri 12 milyard 410 milyon manat, gəlirləri 7 milyard  342,6 milyon manat nəzərdə tutulur. Fondun xərclərində artım büdcəyə transfertlərin artması ilə bağlıdır. Bu isə qeyd olunduğu kimi, valyuta bazarına daha çox həcmdə dollar çıxarılmasını təmin edəcək. Dövlət Neft Fondundan büdcəyə transfertlərin artması o deməkdir ki, Fond satış üçün bazara daha çox dollar çıxaracaq. Çünki Fond büdcəyə transfertləri manatla edir və manat da hərraclarda dollar satışından əldə edilir.

2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi zəruri və eyni zamanda, gözlənilən idi. Çünki pandemiya qlobal və milli iqtisadiyyatlara təsir göstərir və nəticə etibarilə Azərbaycan iqtisadiyyatına da pandemiyanın təsirləri hiss edilməkdədir. 2020-ci ilin birinci yarımilində dövlət büdcəsində profisit olsa belə, ÜDM 2,7 faiz azalıb. İlkin proqnozlara görə, pandemiya davam edəcəyi təqdirdə Azərbaycan iqtisadiyyatı əvvəlki illə müqayisədə 5 faiz azalacaq. Azalma tempi isə inkişaf etmiş ölkələrlə müqayisədə məqbul hesab oluna bilər. Çünki inkişaf etmiş ölkələrdə bu faiz 2 rəqəmlidir.

Pandemiya bütün milli iqtisadiyyatlara təsir göstərir. Büdcə gəlirləri 10 milyon manat azalsa da, dövlət büdcəsinə edilən dəyişikliklər nəticəsində büdcə xərcləri azalmayacaq. Əksinə, dövlət büdcəsinin xərclərində 600 milyon manata yaxın artım proqnozlaşdırılırdı və bu təsdiq olundu. Belə ki, büdcə xərclərinin artması həm pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı yeni xərclərin ödənilməsi, o cümlədən sahibkarların və vətəndaşlarımızın daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Həmin istiqamətdə ayrılan vəsaitin həcmi 500 milyon manata yaxındır. Eyni zamanda, dövlət müəssisələrinin dəstəklənməsi üçün 136,7 milyon manat, özəl sektor müəssisələrinin dəstəklənməsi üçün isə 100 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

Bu dəyişikliklər fonunda 2020-ci ildə sosial istiqamətə ayrılan vəsaitlərin həcmində hər hansı azalma yoxdur. Əksinə, 2020-ci ildə bir sıra sosial proqramlara ayrılan vəsaitlərin həcmi artırılacaq. Belə ki, haqqı ödənilən ictimai iş yerlərinin sayı 40 mindən 90 minə çatdırılacaq. Bununla bağlı Prezident İlham Əliyevin göstərişi var. Digər tərəfdən, ünvanlı sosial yardım, o cümlədən məşğulluq proqramlarına ayrılan vəsaitlərin həcmində də artımlar proqnozlaşdırılıb. Bu baxımdan büdcəyə edilən dəyişiklik heç bir halda sosial proqramların təxirinə gətirib çıxarmayacaq. Alternativ mənbələrdən və eləcə də Dövlət Neft Fondundan əlavə 500 milyon dollar vəsaitin ayrılması pandemiyanın təsirlərini minimumlaşdırmaq, iqtisadiyyatı, sahibkarları və vətəndaşlarımızı daha yaxından dəstəkləmək imkanları verir. Büdcə xərclərindəki artımın da əsas məqsədi iqtisadiyyatın daha yaxından dəstəklənməsi və pandemiyanın ölkəyə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır.

Cavid Əkbərov, “İki sahil”