03 iyul 2019 20:13
963

Büdcənin sosialyönümlülüyü artır, sosial müdafiə gücləndirilir, yeni hədəflərə yol açılır

Beynəlxalq maliyyə qurumları dövlətimizin pensiya və əməkhaqqı siyasətini yüksək dəyərləndirirlər

2019-cu ilin fevralında  keçirilən iqtisadi və sosial məsələlərlə bağlı  müşavirədə “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək” söyləyən dövlətimizin başçısı  İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki,  2019-cu il  sosial islahatlar ili  olacaq.

Ölkə Prezidentinin hər çıxışında bu reallıq da önə çəkilir ki,  Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Təbii ki, bu uğurlu, təkmil sosial-iqtisadi siyasətin nəticəsidir. Yazılarımızda daim sosial dövlət anlayışının mahiyyətinə diqqət yönəldərək, təhlillər fonunda ölkəmizin bu sahədə böyük uğurlara imza atdığını, özünü sosial dövlət kimi təsdiqlədiyini aydın görürük. Dövlətimiz özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır”. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır və qarşıdakı dövr üçün proqnozlar açıqlanır. Belə ki,  “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatında növbəti dövrdə 3 faiz iqtisadi artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi artım tempinin bu il daxil olmaqla gələcək illərdə qorunub saxlanacağından xəbər verir. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə ediləcəyi gözlənilir. O baxımdan “Standard & Poor’s” tərəfindən yüksək iqtisadi artım tempinin proqnozlaşdırılması birmənalı şəkildə məhz Azərbaycanda aparılan islahatların iqtisadi artıma birbaşa təsirindən xəbər verir. Makroiqtisadi stabilliyin qorunub saxlanılması həm də Azərbaycan üçün ÜDM-də artım tempinin qorunub saxlanılmasına, növbəti illərdə daha sürətli artımın əldə edilməsinə zəmin yaradır.

“Fitch” beynəlxalq reytinq agentliyinin reytinqində Azərbaycanda sosial, siyasi stabilliyin uzunmüddətli dövrdə qorunub saxlanacağı bildirilir. Bu təşkilat tərəfindən ölkəmizdə həm bu il iqtisadi artımın proqnozlaşdırılması, həm də Azərbaycanın valyuta ehtiyatlarının məhz bu kontekstdən növbəti illərdə artımın proqnozlaşdırılması və xüsusən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərən amillərdən hesab olunur. Qurumun hesabatı növbəti dövrlərdə ölkəmizdə stabilliyin qorunub saxlanılmasından xəbər verir. Bu da ölkəmizin kredit reytinqinə və bütövlükdə qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsinə zəmin yaradacaq.

Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilir, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilir. Son 15 ildən artıq dövrdə  yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.” Bu rəqəmi də açıqlamaq yerinə düşər ki, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son 15 ildə iki milyona yaxın yeni iş yeri yaradılıb.

“İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq: “Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir. Sovet vaxtında yaradılmış infrastruktur ovaxtkı əhaliyə hesablanmışdı. İndi Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.” Bu inam da ifadə olunur ki, görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 15 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır.”

Sosial mənzillərin inşası istiqamətində atılan addımlar, özünüməşğulluğun təminatına yönələn “ABAD” mərkəzlərinin yaradılması və uğurlu fəaliyyəti də insan amilinə verilən dəyərdən qaynaqlanır. Bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından və 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanından irəli gələn vəzifələrin uğurlu icrasıdır. Artıq DOST mərkəzləri də fəaliyyət göstərir. Məqsəd şəffaflığın təmin olunması ilə yanaşı, insanların rahatlığını təmin etməkdir.

Ölkə Prezidenti İlham Əliyev, eyni zamanda,  müharibədən, işğaldan əziyyət çəkən soydaşlarımıza diqqət və qayğının həyata keçirilən siyasətin əsas tərkib hissələrindən olduğunu bildirir. Son illərdə 100-ə yaxın qəsəbə salınıb, minlərlə köçkün evlərlə, mənzillərlə təmin edilib. Statistikaya əsasən, son 15 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Dövlətimizin başçısı İlham Əliyevin son “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncamı bu diqqət və qayğının davamlılığının göstəricisidir.

Cari ilin arxada qalan aylarında imzalanan Fərman və sərəncamlara diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev iyun ayında əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq etdi. İmzalanan 17 Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin həyata keçirilən siyasətin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə minimum əməkhaqqının məbləği 40 faiz artırılaraq 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək.

Onu da qeyd edək ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrılmışdı.

“Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanların artırılmasını vacib amil kimi diqqətə çatdırır. Beynəlxalq maliyyə qurumlarının proqnozlarında da bu statistika xüsusi yer tutur ki, enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da öz növbəsində büdcənin sosialyönümlülüyünü artıracaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha mühüm tədbirlər həyata keçiriləcək. Hər dövrün çağırışlarının lazımi səviyyədə yerinə yetirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələb kimi ortaya qoyur. 2020-ci ilə qədər olan dövr üçün  əsas hədəflər inkişaf etmiş ölkələr sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.

Yeganə Əliyeva, “İki sahil”