29 iyul 2020 17:33
373

Bugünkü Ermənistan: Pandemiya böhranı, siyasi xaos və…

Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaşanmaqdadır. Regionda ən acınacaqlı vəziyyət isə Ermənistandadır. Bunun qarşısını almaq üçün işğalçı dövlətin nə güclü iqtisadiyyatı var, nə də ölkədə düzgün siyasət aparılır. Ermənistanda yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları, iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik əldə olunmaması xalqın narazılığını da gücləndirib. Həmçinin vətəndaşlarının sağlamlığını, onların sosial vəziyyətini düşünmək əvəzinə Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti taktiki "döyüş hazırlığı" vəziyyətinə gətirib. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır.

Bir müddət öncə “Çiçəklənən Ermənistan”dan olan deputat Naira Zohrabyan Paşinyanı tənqid etmiş və bildirmişdi ki, hökumətin pandemiyaya qarşı mübarizə planı mövcud deyil. Onun sözlərinə görə, insanlar qaydalara riayət etməyə, qanunlara əməl etməyə borcludurlar, ancaq epidemiyanın yayılmasına qarşı mübarizə aparan orqanların nə etdiyini heç kəs anlamır. Müxalifət epidemiya siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirir. Müxalifət bəyan edir ki, pandemiyanın ilk günlərində tətbiq olunan məhdudiyyətlərə əhali əməl etmədi və bunun məsuliyyətini də Paşinyan daşıyır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan Ermənistan baş nazirinin müavini Tigran Avinyan ümumiyyətlə, koronavirus barədə məlumata belə malik deyildi. Bütün bu səriştəsizliklər öz sözünü dedi. Nəticədə Ermənistan pandemiya qarşısında tam məğlub olub. Beləliklə, bir yandan pandemiya, bir yandan da qarşısıalınmaz görünən siyasi xaos Ermənistan adlı dövləti iflic və idarəolunmaz vəziyyətə gətirib.

Nikol Paşinyanın yalanlarından təngə gəlmiş xalq artıq onun istefasını tələb edir. Hətta onun öz tərəfdarları, bəzi deputatlar da Paşinyan hakimiyyətinə qarşı çıxırlar. O, isə etiraz edənləri təhdid və həbslə susdurmaq istəyir. Paşinyanın ölkəyə rəhbərliyindən sonra işğalçı ölkə beynəlxalq aləmdə öz dayaqlarını tamamailə itirməkdədir. Onun hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlər hələ də yerinə yetirilməyib. Bütün bunlardan sonra ictimaiyyətin ayağa qalxdığını görən Paşinyan gah Dağlıq Qarabağa səfər edir, işğalçı ordu vasitəsilə gah sərhədboyu ərazilərdə atəşkəs rejimini pozur, gah da təxribatlar törətməklə əhalinin diqqətini ölkədəki böhran vəziyyətindən yayındırır.

Görəsən, Ermənistanı, özləri də Azərbaycan Ordusunun gücünə, qüdrətinə bələd ola-ola yenidən sərhədboyu ərazilərdə atəşkəsi poz­mağa, təxribatlar törətməyə məcbur edən nə idi? Təbii ki, ilk növbədə, ölkəmizin dünya birliyindəki reytinqi­nin getdikcə yüksəlməsi, mövqeyinin möhkəmləndirilməsi, pandemiya dövründə dünya ictimaiyyətinə hu­manist yardım göstərməsi. Bundan əlavə, dövlət başçımızın təşəbbüsü ilə COVID-19-a qarşı mübarizəyə həsr olunmuş nüfuzlu beynəlxalq təşkilatların videokonfrans forma­tında zirvə görüşlərinin keçirilməsi. Həmçinin dövlət başçımız Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünə qatılaraq Azərbaycanın mövqeyini ifadə edib. Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü də çox önəmli tədbir oldu. Ən əsası isə BMT Baş As­sambleyasının xüsusi sessiyası­nın təşkili təşəbbüsünə 130-dan çox ölkədən dəstək gəlməsi və bu beynəlxalq tədbirnin baş tutmasıdır. Ermənistan Ordusunun sərhədboyu ərazilərdə təxribatlar törətməsi və hərbçilərimizi, həmçinin Tovuz rayo­nunun kəndlərini artilleriya qurğusun­dan atəşə tutması BMT Baş As­sambleyasının xüsusi sessiyasının hazırlıq iclasının keçirilməsindən bir neçə gün sonra baş verdi. Azərbaycanla sərhəddə təxribat da Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmışdı.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin Ermənistanda mövcud iqtidardan narazılıq o həddə çatıb ki, erməni cəmiyyətini birləşdirmək imkansız görünür. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması və Tovuz istiqamətində ermənilərin aldığı cavab Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Bu səbəbdən də Paşinyan “yeni savaş təxribatı”na əl atır. Lakin Azərbaycan Ordusunun verdiyi sərt və adekvat cavab onun durumunu daha da ağırlaşdırır. Burada bir fakta da diqqət yetirmək lazım gəlir. Son təxribatda ermənilər ağır itkilərlə üzləşiblər. Paşinyanın nəzarətində olan KİV bu faktı gizlətməyə çalışır. Lakin Ermənistanın ən müxtəlif bölgələrinə erməni əsgərlərinin cənazələri gedir. Paşinyan iqtidarı artıq öz xalqını qurbana çevirir. Bu isə onun vəziyyətini daha da kritik edir.

Sevinc Azadi, “İki sahil”