11 iyun 2019 14:18
86

Bugünkü hərracda rəqabət: əmlakın start qiyməti 2 dəfə artdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda alıcıların sayının artması  rəqabət yaradıb. Belə ki, Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib.

Komitədən "İki sahil"ə verilən məlumata görə, həmin əmlakın ümumi faydalı sahəsi 143 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Bildirilib ki, anoloji hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, VAZ-21041 markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq edilən təklif 3200 manata kimi yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər VAZ-21041 markalı olan  maşın 2100 manat olsa da 3500 manata sahibini tapıb.

Budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşən qeyri-yaşayış sahəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. 

Özəlləşən səhmdar cəmiyyəti isə Zaqatala Sənaye Kombinatıdır.