06 mart 2019 18:45
1699

Bunları bilirdinizmi?

Yəqin hamı üzərində lombard yazısı olan yerləri görüb, çox adam da onların girov (qızıl, qiymətli əşya, ev, avtomobil) qarşılığında faizlə, borca pul verdiklərini də bilir. Burası aydındır.

Bəs lombard sözü nə deməkdir? "Girov qoy - pul al" prinsipli müəssisələr ilk dəfə XV əsrdə Fransada, XI Lüdovikin dövründə yaranmağa başladılar. XV əsrin sonlarında isə İtaliya, Almaniya və digər Avropa ölkələrinə yayıldılar.Bu sələmçilər Fransaya İtaliyadan gəlmişdilər.Coğrafiyadan xəbəri olan izləyicilər yaxşı bilirlər ki, İtaliyada mərkəzi şəhəri Milan olan Lombardiya adlı bölgə var. Sələmçilər Lombardiya sakinləri olduqları üçün bu sistemin adı lombard qalıb.

Biz danışanda öz səsimizi həm digər insanların eşitdiyi kimi kənardan, həm də daxildən eşidirik. Daxildəki səsimiz, səs dalğalarının bizim sümüklərimizə dəyərək yaratdığı vibrasiya ilə daxili qulağa çatır. Bu səsi ancaq biz özümüz eşidirik.Kənardan eşitdiyimiz səs isə, hamının eşitdiyi, bizim də səs yazımızda eşitdiyimiz və bizə qəribə gələn səsimizdir. Buna görə də səs yazımız bizdən başqa heç kimə qəribə gəlmir.

Musiqi notları niyə məhz Do, Re, Mi, Fa, Sol, Lya, Si adlandırılıb? Notların adlandırılması 990 — 1050-ci illərdə Florensiya yaxınlığındakı Toskana bölgəsindəki Aretso şəhərciyində yaşamış rahib Quido d.Aressoya (Guido d'Arezzo) aiddir.Quido kilsədə musiqi və xor müəllimi idi.

 Bir dəfə yeni mahnıların öyrənilməsinin daha asan üsulunu fikirləşməyə çalışanda Quido, Müqəddəs İoann duasının sözlərindən istifadə etməklə not sistemini yaratdı.

UT queant laxis
REsonare fibris
MIra gestorum
FAmuli tuorum
SOLve polluti
LAbii reatum
Sancte Ioannes

Bu not sırasında bütün notların adları samitlə başlayır və açıq heca idi, bircə ilk not, “Ut” hecası saitlə başlayır və samitlə bitdiyi üçün qapalı heca idi, buna görə də onu oxumaq rahat deyildi.Rahat olsun deyə oktavanın birinci notunun adını, “UT” XVI əsrdə dəyişdirib Do “Dominus” (lat. Tanrı) ilə əvəz etdilər.
Notların adlarının müasir interpretasiyası belədir:
Do – Dominus – Tanrı;
Re – rerum – materiya;
Mi – miraculum – möcüzə;
Fa – familias planetarium – planetlər ailəsi, (yəni günəş sistemi);
Sol – solis – Günəş;
La – lactea via – Süd yolu (Qalaktika);
Si – siderae – səma.

Fevral ayı təqvimə bütün aylardan sonra əlavə edilib.

Qədim Roma təqvimində il martın 1-dən başlayırdı və təqvimdə cəmi 10 ay var idi. İl isə 304 gün idi. Martius, Aprilis, Mailus, Junius, Quintus, Sextilis, September, October, November, December. Bizim eradan əvvəl  690-cı ildə Qədim Roma imperatoru Numa Pompiliy təqvimə 2 ay, yanvar və fevralı (Januarius, Februarius) əlavə etdi. Fevral ayının adı latınca “februare – təmizləmək” sözündən götürülüb, Yeraltı dünya Allahı Februus şərəfinə adlandırılmışdı. Bizim eramızdan əvvəl  46-cı ildə Yuli Sezar daha bir təqvim islahatı keçirdi. İlk ay olaraq da yanvar seçildi. Yulian təqviminə görə, il 365,25 gün uzunluqda olmalı idi.İl bütöv ədəd olmalıdır, buna görə də artıq qalan 0,25 vaxt, 4 ildə 1 gün olur (0.25*4=1) və 4 ildən bir ilin uzunluğuna əlavə edilir. Adi illər 365, uzun il 366 gün olur. Yuliyan təqviminə görə, ildəki aylar, biri 30 biri 31 olmaqla bölünmüşdülər.Sezarın ölümündən sonra xalq, Sezarın şərəfinə Quintus ayını İyul (Julius) adlandırdılar.İmperator Avqustin hakimiyyətə gələndən sonra özü öz şərəfinə Sextilis ayını Avqust (Augustus) ayı adlandırdı. Sextilis ayı 30 gün idi, İmperatorun adına olan Avqust ayı Sezarın İyul ayından qısa olmaması üçün yetim, günü qara fevral ayından bir gün götürüb avqust ayına əlavə etdilər ki o da 31 olsun. Beləliklə, fevral 1 gün azaldı və Sezarın qoyduğu 30-31 sırası da pozuldu. Yuliyan təqviminə görə, aylar belə idi: Januarius, Februarius, Martius, Aprilis, Mailus, Junius, Julius, Augustus, September, October, November, December.

Yaqut Ağaşahqızı, “İki sahil”