06 noyabr 2019 21:38
102

Cavad Cahangirzadə: İran şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bu gün Bakıda açılan II Beynəlxalq Sənaye Sərgisində İranla yanaşı, Rusiya, Türkiyə, Pakistan, Ukrayna, Özbəkistan və Gürcüstan şirkətləri öz məhsullarını nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 6-da Bakı İdman Sarayında açılan II Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) jurnalistlərə müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib.

Sərgidə İranın bir neçə şəhər və vilayətini təmsil edən şirkətlərin, o cümlədən Təbriz, Qəzvin, Gilan və sair iştirakını müsbət qiymətləndirən səfirin sözlərinə görə, bu amil müxtəlif sahələrdə ixtisaslaşan İran şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərir.

Azərbaycanla İran arasında iqtisadi-ticari əlaqələrin ilbəil artdığını söyləyən C.Cahangirzadə bu əməkdaşlığın ölkələrimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.