29 yanvar 2020 17:02
1636

Cavid Osmanov Ağdaş seçiciləri tərəfindən dəstəklənir - FOTO

Namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası Ağdaşda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasında Ağdaş şəhər seçiciləri və ziyalıları ilə keçirilib.

Görüşdən əvvəl Cavid Osmanov ağdaşlı seçicilər və ziyalılarla birlikdə xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin Ağdaş şəhərində ucaldılan abidəsini ziyarət edib önünə tər gül-çiçək dəstələri düzərək Ulu Öndərimizin xatirəsini böyük ehtiramla anıblar. Abidə önündə seçicilər ilə xatirə şəkilləri çəkdiriblər.

Görüşü açan Cavid Osmanov qarşıdan gələn parlament seçkiləri haqqında məlumat verib. Son illər ərzində cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə elm və təhsil sahəsinə göstərdikləri diqqət və qayğıdan söz açan Cavid Osmanov respublikamızın hər bir bölgəsində olduğu kimi, Ağdaş rayonunda da dövlətin təhsilə göstərdiyi diqqətin çox yüksək olduğunu bildirib. Rayonda istifadəyə verilən uşaq bağçaları, məktəb binaları, mövcud tədris ocaqlarının əsaslı təmiri, hər bir məktəbin müasir maddi-texniki təchizatla təmin olunmasının deyilənlərə sübut olduğunu vurğulayan C.Osmanov ölkə təhsilinin məzmun baxımından da yeniləndiyini və dövlətimiz tərəfindən davamlı işlər görüldüyünü qeyd edib.

C.Osmanov onu da bildirib ki, ağdaşlı seçicilər və ziyalılarla keçirilən bu görüş əlamətdar bir  günə -  YAP Ağdaş rayon təşkilatının yaranmasının 25-ci ildönümünün qeyd edildiyi günə təsadüf edir. Görüş iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edən Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu istiqamətdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edib. Cavid Osmanov bildirib ki, Azərbaycan son illər ərzində bir çox beynəlxalq əhəmiyyətli layihələrə imza atıb. Eyni zamanda, ölkədə abadlıq, quruculuq işləri davamlı şəkildə həyata keçirilməkdədir.

Görüşdə çıxış edən ziyalılar  vurğulayıblar ki, ölkə təhsilənə göstərilən diqqət və qayğını onlar hər gün öz işlərində, eləcə də sosial rifah hallarının yüksəlməsində də hiss edirlər. Bu isə Sədri cənab Prezidentimiz İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi dəst-xəttin nəticəsidir. Qarşıdan gələn parlament seçkilərində də Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini qürur hissləri ilə qarşıladıqlarını qeyd edən çıxışçılar bunun YAP-ın 18 minə yaxın üzvü birləşdirən və ən böyük rayon təşkilatlarından biri olan Ağdaş rayon təşkilatına və onun sədrinə olan böyük etimadın təzahürü kimi qəbul etdiklərini bildiriblər.  Bəyan edilib ki, onların seçimi Ağdaşı Milli Məclisdə layiqincə təmsil edən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur. Onlar fevralın 9-da böyük coşqu ilə seçki məntəqələrinə gedərək bu seçimlərini rəsmi olaraq bir daha təsdiqləyəcəklər.

Orxan Vahidoğlu, “İki sahil”