13 may 2019 16:57
314

Cavid Osmanov: İngilis futbolçular, azarkeşlər Bakıdan narazı getməmişdilər

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov “İki sahil” qəzetinə açıqlamasında  bildirib ki, Azərbaycan mayın 29-da Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə keçirilməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirib: “Amma bütün mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlayıblar. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və bu kimi müxtəlif beynəlxalq tədbirlər və bir neçə ildir ki, Formula 1 yarışları yüksək səviyyədə keçirilib. Bu tədbirlərlə əlaqədar ölkəmizə gələn turistlər, qonaqlar, beynəlxalq tədbirlərin nümayəndələri hər zaman yüksək məmnunluq hissi ilə öz ölkələrinə qayıdıblar. Onlar üçün bütün təhlükəsizlik məsələləri tam təmin olunub, yüksək səviyyədə qarşılanıb və yola salınıblar. Çox təəssüflər olsun ki, belə bir qarayaxma kampaniyasına başlanılıb. Bütün bunların arxasında isə antimilli ünsürlər dayanır.”

C.Osmanov vurğulayıb ki, hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir: “Bildiyiniz kimi, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” futbol komandası “Çelsi” ilə eyni qrupda yer almışdı. “Çelsi” komandası həmin mərhələ zamanı Bakıya gəlmişdi və futbolçular, azarkeşlər həmin oyundan da narazı getməmişdilər. Hesab edirəm ki, bütün tədbirlərdə olduğu, kimi mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar ölkəmizdə bütün zəruri tədbirlər həyata keçiriləcək.”

Orxan Vahidoğlu, “İki sahil”