23 aprel 2019 10:26
1101

Cavid Osmanov: İslahatlar böyük rəğbətlə qarşılanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin əvvəlindən başlayan sosial islahatlarının uğurla davam etdirilməsi Azərbaycan xalqının böyük əksəriyyətinə müsbət təsir göstərməkdədir. Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan xalqı, vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz liderini dəstəkləyir.

Bu fikirləri Milli Məclisin deputatı  Cavid Osmanov İkisahil.TV-yə açıqlamasında bildirib. Qeyd edib ki,  dövlət tərəfindən aztəminatlı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə göstərilən diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir.  Son 16 ildə ölkəmizdə keçirilən uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial vəziyyəti durmadan yaxşılaşmaqdadır: “Bütün bunlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsində reallaşıb”. Son bir ildə yaşananları, islahatlar prosesini 27-28 illik müstəqillik tariximizdə birmənalı olaraq yeni mərhələ adlandıra bilərik. Hər bir sahədə uğurlar, nailiyyətlər göz önündədir. Hər bir məsələnin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun mövqeyi, mənafeyi dayanır. Şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının, əmək pensiyalarının, təqaüdlərin artırılması ilə bağlı  atılan addımlar, 2015-ci ildən bu yana cəmiyyət üçün böyük yükə çevrilmiş və ən azı 800 min vətəndaşımızı əhatə edən problemli kreditlərlə bağlı tarixi və dünyada analoqu olmayan Fərmanın imzalanması, ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar dövlət tərəfindən kompensasiyaların verilməsi və Azərbaycan dövlətinin və cənab Prezidentin öz vətəndaşına qayğıkeş münasibətinin əyani nümunəsidir.  Son bir ildə ölkəmizin inkişafında, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində əhəmiyyətli dərəcədə nəticələr əldə olunub. Təkcə 2019-cu ili yanvar-mart aylarında Prezidentimiz tərəfindən imzalanmış Fərman və sərəncamlar ölkə əhalisinin bütün istiqamətlərdə sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb.”

Cavid Osmanov xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında isə Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.  Biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə  32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Hal-hazırda Azərbaycan  regionda və beynəlxalq aləmdə kifayət qədər sərbəst siyasət aparan, heç kimin daxili işinə qarışmayan və ölkəsinin daxili işinə kiminsə müdaxilə etməsinə imkan verməyən sabit bir ölkə kimi böyük nüfuza malikdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”