19 oktyabr 2020 18:37
1090

Cəbhə xəttindəki kəndlərin qaz təminatı xüsusi diqqətdədir

«Azəriqaz» İB-nin operativ qərargahı işini mütəşəkkil qaydada qurub

Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bu gün də böyük qələbələrlə davam edir. Artıq Cəbrayıl, Füzuli rayonlarının mərkəzləri və kəndləri, Hadrut qəsəbəsi, Xocavənd rayonunun bir neçə kəndi, həmçininTərtərin Suqovuşan və Talış kəndləri və çox böyük sitrateji yüksəkliklər işğaldan azad edilib. Çox qürurverici məqam isə o taylı bu taylı iki Azərbaycanı birləşdirən tarixi Xudafərin körpüsündə Azərbaycanın üçrəngli bayrağının işğaldan azad edilməsidir. Artıq  orada Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi hissəsi xidməti vəzifəsinə başlayıb.

Təbii ki, hərb meydanında uduzan Ermənistanın hərbi-siyasi rəhbərliyi öz barbar xislətlərinə sadiq qalaraq mülki əhalimizi və cəbhə xəttinə yaxın infrastrukturları vurmağa başlayıblar. Bununla da onlar çalışırlar ki, cəbhə xəttindəki əhali öz doğma yurd-yuvalarını tərk etsinlər. Ancaq bütün bunlara rəğmən cəbhəyanı rayonların qaz təsərrüfatı öz xidmətini həmişəki qaydada  uğurla davam etdirir. Belə ki,   SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində ( İB) müharibə şəraitinə uyğun yeni  iş rejimi qurulub. Xüsusilə növbəlilik tərtib olunmaqla Qərargah yaradılıb. Bu gün sutkanın 24 saatı ərzində Birlik mütəmadi olaraq cəbhə zonasındakı rayonların xidmət sahələrindən məlumatlar əldə edir, müvafiq tədbirlərin görülməsi barədə qərarlar verilir.

«Azəriqaz» İstehsalat Birliyindən «İki sahil»ə bildirilib ki, cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir. Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır. Həmçinin Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabr ayının  27-dən  məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.

Xüsusilə «Azəriqaz»” İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb. Lakin saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M. Hacıyev və M. Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

Təbii ki, təbii qazın verilməsindəki məhdudiyyətlərin tədricən aradan qaldırılması da plandadır. Bunun üçün Birliyin mütəxəssisləri bütün təhlükəsizlik şərtlərini yoxladıqdan sonra qərar verəcəklər.

Elçin Zaman, «İki sahil»