07 oktyabr 2019 19:43
101

Cəbhəçilərin küçə təfəkkürü, yoxsa hüquqi nihilizm?

AXCP SƏDRİ ƏLİ KƏRİMLİ NİYƏ QANUNİ PİKETİ İCAZƏSİZ MİTİNQƏ ÇEVİRMƏK İSTƏYİR?

Oktyabr ayının 3-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Milli Şura”nın piket keçirməklə bağlı müraciətini müsbət cavablandırıb və BŞİH ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı ərazidə yer də ayırıb. Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsinin I və II bəndlərinə, eləcə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən qərar qəbul edən BŞİH bir daha Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu, insanların bütün hüquq və azadlıqlarının təmin edildiyini nümayiş  etdirib.

Doğrudur, BŞİH “Milli Şura”nın toplaşmaqla bağlı bundan öncəki müraciətinə də müsbət rəy vermişdi. Lakin yetərli sayda tərəfdarı olmadığı üçün “Milli Şura” Lökbatanda mitinq keçirməkdən vaz keçdi. Amma razılığı verilmiş piketi keçirməkdə qərarlı olan “Milli Şura”, xüsusilə də AXCP üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V bəndinə riayət etməlidirlər. Qanunda deyildiyi kimi, piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

Göründüyü kimi, BŞİH “Milli Şura”nın mitinq və piket müraciətlərinə icazəni hansısa təzyiqlərə görə deyil, sırf qanundan irəli gələn amillərə görə verdi. Lakin çox təəssüflər olsun ki, “Milli Şura”nın əvəzinə qərar verib, sonradan onu “Milli Şura” adından yayan AXCP sədri Əli Kərimli BŞİH-in piketə razılıq verməsini reallıqdan uzaq mətləblərlə əlaqələndirməyə çalışıb. Bütün bunlar azmış kimi cəbhə trolları “Azərbaycan saatı” kanalında və “Osmanqızı” tv-də canlı yayımda təxribat və çağırış xarakterli rəylər yazıblar. Əlbəttə, heç şübhə yoxdur ki, piketin qanunsuz mitinqə çevrilməsi çağırışlarının edilməsi birbaşa Əli Kərimlinin tapşırığır. Çünki cəbhə trolları onun göstərişi olmadan bir söz belə yazmırlar. Rəylərin yazılışı və məzmunu bir daha isbatlayır ki, trolların yazdıqları öncədən hazırlanmış şablon fikirlərdir. Diqqətinizə təqdim etdiyimiz şəkildən də görürsünüz ki, rəylərdə insanları piketə razılıq verilməsindən sui-istifadə edib icazəsiz aksiya və mitinqlər keçirməyə çağırırlar. Görünür küçə təfəkkürü ilə davranan cəbhəçilərə, “milli şura”çılara icazəli mitinq, piket keçirmək yaraşmır.

Bu səbəbdən də onların bu cür təxribatçı hərəkətlərini davam etdirəcəyi təqdirdə ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri BŞİH-ə müraciət etməlidirlər ki, bir daha “Milli Şura”ya, AXCP-yə mitinq, aksiya, piket keçirməyə icazə verməsin. Əgər bir halda ki, “Milli Şura” və AXCP ətrafında birləşənlər kriminal aləmə meyillidirsə, cinayətkarlığa, özbaşınalığa, xaosa rəvac verəcək çağırışlar edirsə, o zaman qanunla onların müraciətlərinə yox deyilməlidir. Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin I bəndinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Yəni, ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi və başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün istənilən piket, aksiya, yaxud mitinq qadağan edilə bilər.

Məhz qanunun göstərilən tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanları da cəbhə trollarının təhrikçi rəylərini nəzərə alıb güclü mühafizə tədbirləri görsünlər. Əgər cəbhəçilər qanunu pozarsa, dedikləri kimi piketi qanunsuz mitinqə çevirməyə çalışarlarsa, onları dərhal həbs etsinlər. Amma onu da etiraf etmək lazımdır ki, Azərbaycanda hüquq-mühafizə orqanları müxalifətçilərə səbrlə, təmkinlə və yumşaq davranırlar. Lakin dünyanın ən demokratik hesab etdiyimiz ölkələrində polislər ictimai asayişin təmin olunması üçün icazəsiz aksiyaların, mitinqlərin iştirakçılarına qarşı çox sərt və amansız olurlar. Biz bunun ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, İtaliyada, Yunanıstanda bariz nümunələrini görmüşük. Hətta, İngiltərədə insanların atların ayaqlarının altına alınması, Almaniyada nümayişçilərin itlərlə qorxudulması, hətta dişlədilməsi faktlarını da bilirik. Fransada isə “sarı jiletlilər”ə qarşı polislərin davranışları yaddan çıxmayan səhnələrdir.

Təbii ki, Azərbaycan polisindən bu cür davranış istəmirik və inanmırıq ki, hüquq-mühafizə orqanları bu cür addım atar. Lakin xalqın milli maraqlarına zidd addım atanlar, ictimai-siyasi asayişi pozmağa çalışanlar dövlətin sərt üzünü də görməlidir. Məsələn, ABŞ-da ictimai asayişi pozmağa cəhd edənlərə, polisin qanuni tələblərinə tabe olmayanlara 7, Böyük Britaniyada 10, Almaniyada 3, Fransada 2, İsveçdə 4, Finlandiyada 3, İtaliyada 1, Yaponiyada 1 il həbs cəzası verilir, eləcə də cərimə olunur. Hətta, son 2-3 ilin statistikasına görə, təkcə Vaşinqtonda minə yaxın insan icazəsiz aksiyalarda iştirak etdiyi üçün həbs edilib.

O zaman əgər müxalifətin də ən demokratik ölkələr hesab etdikləri bu dövlətlərdə icazəsiz aksiyalara münasibət belə sərtdirsə, o zaman Azərbaycanda da bu məsələlər qanunla sərtləşdirilməlidir.

Doğrudur, AXCP üzvləri də Azərbaycan vətəndaşıdır, azərbaycanlıdır. Amma Azərbaycan vətəndaşının, bir azərbaycanlının dövlətinə və xalqına düşmən kəsilməsini heç cürə başa düşmək olmur. Bu səbəbdən də ölkəmizin ictimai-siyasi sabitliyinin qorunması mütləq xarakter daşıyır, hansısa partiyanın, qrupun, şəxsin maraqları dövlətin və xalqın maraqlarından üstün ola bilməz.

Müasir dövrdə dövləti qorumaq ifadəsi artıq hərbçilərə, hüquq-mühafizə orqanlarına, siyasi elitaya aid edilmir. İnkişaf, inteqrasiya və qloballaşma hər bir insandan vətəndaşı olduğu dövlətini imkanları və tutduğu məqam çərçivəsində qorumağı tələb edir. Çünki dövlətin mənafeyinə dəyən zərbə vətəndaşın maraqlarını da, həyatını da alt-üst edir...

Ramil Vəlibəyov,

YAP Nizami RT GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru