13 iyun 2019 10:47
170

Cəbi Bəhramov: 15 İyun bütöv Azərbaycana gedən yolun başlanğıcıdır

Azərbaycanın şanlı tarixinin ən qürurverici səhifələrindən biri də məhz 15 İyun-Milli Qurtuluş Günüdür. İllər boyu imperialist rejimdə yaşamağa məcbur və məhkum edilən ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyini qazansa da yeni qurulan bu gənc dövləti talan etməyə çalışanlar o zamanlar çox idi. Müstəqilliyini yenicə əldə edən ölkənin güclü idarəçiyə ehtiyacı olduğu bir zamanda öz zəngin biliyi, siyasi zəkası və bacarığı ilə hakimiyyətə Azərbaycan xalqının təkidi ilə gələn Heydər Əliyev əsl qəhrəman, xilaskar kimi tarixə öz adını həkk etdirmiş oldu. Bu səbəbdən də 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən tarixçi alim Cəbi Bəhramov bildirdi ki, bugünkü qüdrətli, iqtisadi, hərbi, mənəvi-psixoloji cəhətdən güclü Azərbaycan dövlətinin qurucusu məhz ulu öndər Heydər Əliyevdir: “İlk dəfə biz bu günü 1997-ci ildən etibarən qeyd etməyə başlamışıq.  Birincisi onu deyim ki, 15 iyun bizim milli və ən yeni tariximizin siyasi nöqteyi-nəzərdən ən böyük səhifəsidir. 15 iyun 1993-cü ildə Ümummilli Liderimizin bilavasitə o vaxtkı Azərbaycan Respublikasının ali qanuverici orqanının rəhbəri seçilməsi ölkənin siyasi, sosial-iqtisadi, hərbi-strateji və mədəni inkişaf tarixində sözün əsl mənasında yeni bir səhifənin açılmasına, dönüş nöqtəsinin yaranmasına səbəb oldu. Əgər o zaman- 1988-1993-cü ilin iyunun 15-nə qədər Azərbaycanı idarə edən şəxslər məsələnin nə qədər qəliz olduğunu  daha ciddi və erkən anlasaydılar bu millətin xilaskarı olan Ulu Öndəri hakimiyyətə daha öncə dəvət edərdilər. Onun hakimiyyətə gəlişini xalq tələb etdi. Bu, başda ziyalılar, alimlər olmaqla bütün Azərbaycan xalqının tələbi idi. Bu insan 80 illik həyatının hamısını Azərbaycan xalqının xoşbəxt gələcəyini düşünməklə keçirdi. Onun ürəyi hər zaman xalqı üçün döyünürdü.”

C.Bəhramov onu da qeyd etdi ki, xaosun, gərginliyin yaşandığı zamanda xalqa demokratiya, sağlam gələcək vəd edənlər nə az,  nə çox düz bir il ərzində ölkəni elə bir vəziyyətə gətirdilər ki, 70-80- ci illərdə Azərbaycanın gələcəyi üçün yaradılan bütün sosial -iqtisadi özüllər darmadağın edilmişdi. “Mən o dövrün həm də canlı şahidi olaraq tam əminliklə deyə bilərəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi bütün millətimizin, dövlətçiliyimizin xilası idi. Bugünkü qüdrətli, güclü, iqtisadi, hərbi, mənəvi-psixoloji cəhətdən güclü Azərbaycan dövlətinin qurucusu məhz ulu öndər Heydər Əliyevdir. Onun nə qədər böyük şəxsiyyət olduğunu düşmənləri belə qəbul edirdilər. Bütün Azərbaycan xalqı hər zaman fəxr edəcək ki, dünyaya bu dərəcədə böyük şəxsiyyət, xilaskar bəxş edib. O, dağılmış, hər şeyi məhv olmaq üzrə olan bir ölkəyə rəhbərlik edərək, onu məhv olmaqdan xilas etdi və müasir, güclü Azərbaycan dövlətini yaratdı.”

Tarixçi alim  onu da vurğuladı ki, Ulu Öndərin hakimiyyətdə olduğu on illik bir dövr bir əsrə, min illiyə bərabər bir dövr kimi qiymətləndirilir: “Çünki on il ərzində belə bir ağır zamanı yaşayan, müharibə vəziyyətində olan, təcavüzə məruz qalan bir ölkənin idarəçiliyini ələ almaq, onu bu məşəqqətli sınaqlardan layiqincə çıxarmaq və güclü, qüdrətli dövlətə çevirmək hər kəsin işi deyildi. Ona görə də mənim üçün 15 İyun həm də xalqımın, torpağımın, millətimin ,  Vətənimin xilası günüdür. Bu xilas üçün böyük Yaradana hər zaman şükür edir və Ulu Öndərimizə həmişə Allahdan rəhmət diləyirəm. 15 İyun bizim dövlət müstəqilliyimizin daimiliyinin özülüdür. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyinin bünövrəsinin qoyulduğu gündür və mən hesab edirəm ki, 15 İyun bütöv Azərbaycana gedən yolun başlanğıcıdır. Buna görə də bu gün bir Azərbaycan vətəndaşı olaraq mənim üçün çox əzizdir. Ona görə də həyat nə qədər varsa, davam edirsə hər bir azərbaycanlı kimi mən də onu qəlbimdə əbədi saxlayacam. Ümid edirəm ki, gələcək nəsillər bu tarixi yaxşı biləcəklər və onlar da bu yolu davam etdirərək Azərbaycanın dövlət müstəqilliyinin əbədiyaşarlığını təmin edəcəklər.”

Nilufər Mustafaqızı, “İki sahil”