23 aprel 2019 10:28
535

Cəbi Bəhrəmov: Soyqırımı nağılları erməni tarixçilərinin uydurmasıdır

Bu gün dünyanın bir çox ölkələrində erməni lobbisinin təşkilatçılğı ilə 24 aprel qondarma “erməni soyqırımı" günü kimi qeyd edilir. Guya ki, ermənilərin qeyd etdikləri kimi həmin illərdə türklərin hücumuna məruz qalıblar. Lakin tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan ermənilər yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini qondarma "soyqırımı" iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışıblar. Təəssüfedici məqam odur ki, tarixdə heç zaman baş verməyən, yalnız ermənilərin əsassız iddialarına dəstək verilməsi üçün ortaya atılan bu qondarma "soyqırımı" bəzi dövlətlər tanıyır və ona hüquqi-siyasi qiymət verirlər. Çox təəssüf ki, həmin dövlətlər XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri misli görünməmiş vəhşiliklərə susqunluq nümayiş etdirməklə məşğuldurlar.

Mövzu ilə bağlı “İki sahil" qəzetinin suallarını AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhrəmov cavablandırır.

- Cəbi müəllim, bu günlərdə ermənilər qondarma "soyqırımı"nın növbəti ildönümünü qeyd edəcəklər. Bu qondarma “soyqırımı"nın mahiyyəti nədir və nəyə istiqamətlənib?

- Qondarma “erməni soyqırımı" türk dövlətinə, xalqına qarşı atılan böhtandan başqa bir şey deyil. Onu da diqqətə çatıdıraq ki, 1915-ci il hadisələri düşmənlə işbirliyi edən, ölkə bütövlüyünə ziyan verən bir toplumun zərərli fəaliyyətinin qarşısını almaq və daxili təhlükəsizlik  məqsədilə başqa ərazilərdə yerləşdirilməsidir. Qeyd edək ki, bu hadisələr zamanı Osmanlı hökuməti tərəfindən idarə olunmayan bəzi fanatiklərin ermənilərə hücumu, həmçinin köç zamanı qarşılaşdıqları çətinliklər ölümlərə səbəb olmuşdur. Digər tərəfdən, rus işğalı və erməni üsyanları nəticəsində 1914-1915-ci illərdə təxminən 800 min türk də köç etmək məcburiyyətində qalmışdır. Bu köç nəticəsində də minlərlə türk ölmüşdür. Sonradan isə ermənilər vəziyyətdən istifadə edərək bu hadisələri "soyqırımı" kimi tanıtmağa başlamışlar. Lakin mövcud tarixi dəlillər soyqırımı faktını inkar edir. Türkiyə dəfələrlə hadisənin tarixçilər tərəfindən araşdırılması və qiymətləndirilməsi üçün komissiyanın yaradılması təklifi ilə müraciət edib. Lakin erməni xislətinə xas olan hay-küyçülük burada da özünü göstərir.

- Ermənilər saxta “soyqırımı faktlarını" irəli sürərək buna türklərin yox, məhz özlərinin məruz qaldıqlarını qeyd edirlər...

- Məsələ ondadır ki, o fikir heç ermənilərin ağlına gəlmirdi. Onu edən, bu təşəbbüsü irəli sürən məhz ingilislər olublar. Hətta onlar Türkiyə hökumətinin üzvlərini həbs edib Malta adasına aparıblar. Bu zaman bunları təsdiq edən lazımi sənədlər ortalığa çıxmadığına görə ingilis hökumətinin mühafizə orqanları ABŞ Dövlət Departamentinə müraciət etdilər. Gələn cavab isə təsdiq etdi ki, Türkiyə  hökumətinin qəbul etdiyi belə bir sənəd yoxdur. İkinci sənəd hansı ki, bu fikri təsdiq edir. 1915-ci il hadisələrinin soyqırımı olmadığını sübut edən başlıca mənbə ABŞ Prezidenti Ronald Reyqanın hüquq  məsləhətçisi  Brus Feinin açıqlamasıdır. Bunun da əsasında məlum olub ki, cinayəti törədən ermənilər, onları silahlandıran isə ingilislər və digər dövlətlər, o cümlədən Çar Rusiyası olublar. Prezidentin məsləhətçisi Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardı. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırımı" ilə bağlı söylədikləri əsassızdır. Erməni "soyqırımı" haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vaxtlar Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi öz arxivlərindən istifadəyə icazə versə də, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Əgər bu arxivləri açmaq mümkün olsa, o zaman həqiqət üzə çıxacaqdır. Bununla da ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar.

- Bəs, nə vaxtdan bəri ermənilər əsl tarixi reallıqları saxtalaşdıraraq özlərinin soyqırıma məruz qalmasını və bunun tanınması məsələsini gündəmə gətirdilər?

- Əslinə qalanda 1920-22-ci illərdə də bu barədə kitablar, məqalələr və s. var idi. Lakin ermənilər daha fəal surətdə "soyqırımı"nın tanınmasını təxminən 1965-ci illərin sonlarından tələb etməyə başladılar. Sual olunur: bu vaxta qədər ermənilər bu hadisələr barədə nədən susmuşdular? Hansı ciddi bir "siyasi təkan" ermənini oyatdı? Bilirik ki, bu gün Qərbin marağında olan erməni tərəfdaşlığı deyil, şəxsi mənafedir. Qərb üçün erməni, sadəcə olaraq, öz mənfur niyyətlərini gizlətmək məqsədilə istifadə olunan bir oyuncaqdır. Qərbin əsl niyyəti pərdəarxası olaraq qalır. Erməni hakim dairələri isə bunu anlamır, yaxud da ki, anlamazlıqdan gəlirlər. Onu da qeyd edək ki, hazırda Türkiyədə xeyli sayda erməni və miqrant yaşayır. İldən-ilə də öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə iqtisadi çöküş yaşayan Ermənistandan Türkiyəyə köç edənlərin sayı da az deyil. Sözsüz ki, bunu etməkdə onların məqsədi 1915-ci il hadisələrindən sui-istifadə edərək, təzminat almağa çalışmalarıdır. Görünür  təzminatla uçurum kənarında dayanmış dövləti xilas etmək "niyyətindədirlər". Bir fakt da nəzərə alınmalıdır ki, dövlətin gücü onun maliyyə imkanları ilə deyil, o imkanlardan mütərəqqi şəkildə istifadə etməyi bacaran hakim dairələrin mövcudluğu ilə ölçülür. Ermənistan səriştəsiz dairələrin hakimiyyəti altında olduğu müddətcə çöküşü də labüd olacaq.

- Cəbi müəllim, ölkəmiz bu kimi təbliğatlara qarşı hansı işləri görəcək?

- Birinci növbədə bizim Tarix İnstitutu bir ideoloji mərkəz olaraq erməni faşizminin ifşası istiqamətində çox geniş, irimiqyaslı işlər görür. Əsərlərin yazılması, xəritələrin çəkilməsi, ermənilərin törətdikləri cinayətlərin tədqiqi və tarixi nöqteyi-nəzərdən təqdir edilməsidir ki, onunla bağlı Tarix İnstitutu dövlət başçısı cənab İlham Əliyevin tapşırığı əsasında lazımi işlərini həyata keçirir. Bu iş bizim milli məsələmizdir. Bu böhtanlara cavab vermək, onları ifşa etmək üçün Tarix İnstitutu genişmiqyaslı işlər aparır. Bunu mütəmadi olaraq edir və edəcək.

Mənsumə Babayeva, “İki sahil"