Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müstəqil siyasi ekspertlərin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir daha göstərdi ki, iqtidar milli birlik və həmrəylik üçün dialoqlara hər zaman hazırdır.
İki gün davam edən, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsini təmsil edən nümayəndələrin, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısı da ölkəmizdə davam etdirilən demokratik islahatların beynəlxalq standartlara cavab verdiyini göstərdi.
Son illərdə Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial şəbəkələrin sərbəst fəaliyyəti, internet istifadəçilərinin sayının əhalinin 85 faizi ötməsi, jurnalistlərin sosial müdafəsinin gücləndirilməsi, söz, fikir, mətbuat azadlığının yüksək səviyyədə olması, respublikada aparılan islahatların davamlı proses kimi diqqətdə saxlanılması demokratik islahatların nümunəsidir.
“Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” söyləyən, “Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir” sözləri ilə ictimai-siyasi həyatda KİV-lərin fəaliyyətini qiymətləndirən Prezident İlham Əliyev ölkədə milli birlik və həmrəyliyin yaradılmasında böyük rolu olan müstəqil mətbuatın inkişafını, sosial şəbəkələrdən sərbəst istifadəni, siyasi partiyaların dialoqlarını mühüm amil adlandırır. Dövlət başçımızın “Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz” sözləri demokratiyaya verilən dəyər, müasirliyi baxımdan səciyyəvidir. Yuxarıda adları qeyd olunan tədbirlərin keçirilməsində də məqsəd həyatımızın ayrılmaz parçası olan sosial şəbəkələrdən istifadədə informasiya təhlükəsizliyinin qorunması üçün həyata keçirilən islahatların davam etdirilməsi, rəy və təkliflərin öyrənilməsidir.
Çox təəssüf ki, Azərbaycanda yaradılan demokratik şəraitdən sui-istifadə edən, xarici ölkələrdə mühacir həyatı keçirərək ermənipərəst mənbələrin maliyyə dəstəyi ilə Azərbaycana qarşı böhtanlar yağdıran AXCP sədri Əli Kərimlinin formalaşdırdığı agent şəbəkəsi hələ də milli birlik və həmrəyliyi pozmağa çalışır, təxribatlar aparır, cinlərin “Bisimillah” kəlməsindən qorxduqları qədər təlaş keçirirlər.
Formalaşdırdığı “beşinci kolon”u Vətənə xəyanət ruhunda “tərbiyə edən” Əli Kərimlinin, Müsavat və “Milli Şura” təmsilçilərinin təşkil olunan dialoqla, Azərbaycanın xarici siyasəti, ölkədə aparılan demokratik islahatlarla, beynəlxalq təşkilatların hesabatlarında qeyd olunan ölkəmizin qazandığı uğurlarla bağlı obyektivlikdən kənar yanaşmaları milli birliyə xəyanətdir.
Ölkəmizə qarşı düşmən mövqedə olan beynəlxalq təşkilatları əsası olmayan böhtan xarakterli informasiyalarla təmin edən, ermənipərəst qüvvələr hesabına maliyyələşən saqtınlar şəbəkəsinin nümayəndələrindən olan Vidadi İsgəndərli, Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı və başqalarının da ermənilərin lobbisi ilə bağlılığı artıq sübut olunub. Elə buna görədir ki, milli birliyin özləri üçün fəlakət olduğunu düşünən əlikərimlilər təbii ki, Azərbaycanda siyasi sabitliyin pozulması üçün şeytanla belə əməkdaşlığa hazırdırlar.
Azərbaycanın iqtisadi inkişafının bəhrəsi olan maliyyə imkanlarının artması nəticəsində davamlı olaraq həyata keçirilən sosial islahatları özlərinin məhvi kimi başa düşənlər istefalar üzündən partiyalarının birdəfəlik yox olmasından daha çox qorxurlar. Çünki ictimaiyyət, cəmiyyətin bütün təbəqələri aydın başa düşür ki, xarici ölkələr tərəfindən maliyyələşən radikalların niyyəti ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna qara yaxmaqdır. Bu ölkənin vətəndaşı olduğu üçün qürur duyan insanlar isə bu cür bədniyyətliləri, Vətən xainlərini, satqınları lənətləyirlər.
Ölkədə aparılan quruculuq işlərindən, bütün sahələri əhatə edən, respublika əhalisinin razılıqla qarşıladığı islahatlardan narahat olan radikal düşüncəli xainlərin mərəzi yaxşı nə varsa gözdən salmaqdır. Cari ildə dəfələrlə artırılan əməkhaqqı və pensiyaların vətəndaşlarda yaratdığı xoş əhval-ruhiyyədən qıcıqlanan AXCP, Müsavat, “Milli Şura” təmsilçiləri insanların bu sevincini sonlarının başlanğıcı olduğunu aydın başa düşürlər. 2 milyondan artıq insanı əhatə edən, milyard manatlarla vəsait ayrılan, 17 Sərəncamın reallaşması ilə MDB məkanında ikinci yerə yüksələn Azərbaycanın bu uğurları, ölkədə insan amilinə göstərilən diqqət bataqlıq düşüncəli şəbəkəni daxildən çürüdür. Bu da, səbəbsiz deyil. Hakimiyyətdə olduqları müddətdə büdcəni boşaldan, müəssisələrin bütün avadanlıqlarını özəlləşdirmə adı ilə xarici şirkətlərə satan, ölkə vətəndaşlarını ən aşağı yoxsulluq həddinə çatdıran o vaxtın bəyləri, indiki radikallar ölkədə yaranan siyasi sabitlikdən, insan amilinə göstərilən diqqətdən, həyata keçirilən islahatlardan narahat olur, Azərbaycanla bağlı səslənən xoş sözləri özlərinin məhvi hesab edirlər. Partiyaları daxilində baş verən didişmələri pərdələmək, sürətlənən istefaları gizlətmək üçün diqqəti iftiralara yönəldən Əli Kərimli, Müsavat başqanı Arif Hacılı nəinki milli həmrəyliyi, siyasi partiyalar arasında birliyi belə istəmirlər. Bunun üçün mənfur niyyətlərindən əl çəkmirlər. Əslində radikalları bataqlığa sürükləyən düşərgədəki vəziyyət bu funksionerlərin iç üzlərini göstərir. İllərdən bəri çiyin-çiyinə yürüdüklərini zənn edən, özlərinə sərf etdikləri zaman səmimi görüntü yaratmağa çalışan Əli Kərimli-Arif Hacılı cütlüyünün əsas məqsədi başqalarından istifadə etməklə şəxsi maraqlarına mümkün qədər daha çox nail olmaqdır. AXCP-də, “Milli Şura”da olduğu kimi, Müsavatda da baş verən qalmaqallar, qarşıdurmalar partiya sədrlərinin paxıllıq və qısqanclıq hisslərinin sağalmaz mərəz olduğunu göstərir. Buna görə də 25 ildən artıq müddətdə “ayrılmaz dostlar” görüntüsü yaradan “mehriban düşmən”lər, Əli Kərimli- Arif Hacılı cütlüyünün milli həmrəylik və birlik haqqındakı ermənisayaq düşüncələri “ dediyim dedik, çaldığım düdük” misalına bənzəyir.
Xuraman İsmayılqızı,
“İki sahil”