10 dekabr 2019 11:51
827

Cəlil Məmmədquluzadə irsinə qiymətli töhfə

Mənsub olduğu xalqının inkişafı, oyanışı və istiqlaliyyəti yolunda misilsiz xidmətlər göstərmiş görkəmli qələm sahibi, ictimai xadim və bənzərsiz milli ziyalı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi istiqamətində çoxsaylı tədbirlər silsiləsinə aid ən qiymətli hadisələrdən biri olaraq böyük ədibin xatirəsini əbədiləşdirmək məqsədilə çap edilən “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” (Bakı, 2019, “Ecoprint”, 2019, 720 s.) kitabını yüksək razılıqla qiymətləndirmək olar. Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq çap edilmişdir. Elə kitabın ilk səhifələrində də məhz bu qiymətli dövlət sənədi öz yerini tapıb. Kitab əsas hissəyə məhz Cəlil Məmmədquluzadə şəxsiyyəti və Azərbaycan xalqının milli sərvətinə yüksək dəyər verən bu dövlət sənədinin xeyir-duası ilə açılır. Kitabın baş redaktoru, görkəmli elm adamı, Cəlil Məmmədquluzadənin yorulmaz və cəfakeş tədqiqatçısı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, tərtibçisi isə gənc tədqiqatçı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfovdur. Kitabın əsas hissəsi akdemik İsa Həbibbəylinin “Ön söz”ü ilə başlayır. Burada kitabın çap olunma məqsədi və əhəmiyyətindən başlayaraq çapa vəsilə olan dövlət sənədinə münasibət, görkəmli ədibin şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı izahat, xidmətləri barədə obyektiv qiymətləndirmə öz əksini tapıb.

Kitaba, qeyd edildiyi kimi, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı, şəxsiyyəti və irsini əhatə edən məqalələr, esselər, müsahibələr və ona həsr edilmiş şeirlər daxil edilib. Kitabın birinci bölməsi olan “Məqalələr” adlı hissəsi görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadə irsinin ən böyük himayəçisi, qayğıkeşi, dəyər və qiymət verəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi istiqamətində təntənəli mərasim zamanı Respublika Sarayında etdiyi olduqca məzmunlu çıxışı ilə başlayır.

Çox yaxşı haldır ki, kitaba Cəlil Məmmədquluzadə haqqında ən qiymətli məqalələr, bu görkəmli ustadın nəhəng tədqiqatçılarının əsərləri daxil edilib.

Buraya daxil edilən müxtəlif esselər, müsahibələr dövrünün “Molla Nəsrəddin”i kimi tanınan böyük ədib Cəlil Məmmədquluzadə irsinin dərk olunmasına geniş imkanlar yaradıb.

Kitab hər şeydən əvvəl mirzəcəlilşünaslıq və mollanəsrəddinşünaslıq üçün olduqca qiymətli bir töhfədir. Çünki məşhur bir kəlamda deyildiyi kimi, “biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”. Bu mənada haqqında bəhs etdiyimiz kitab Cəlil Məmmədquluzadə kimi ölməz və əbədiyaşar bir görkəmli ədibin irsinə qoyulan mənəvi abidə, ölməz yadigar olaraq düşünülə bilər.

Ramiz Qasımov,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent