11 iyun 2019 15:16
340

Cəlil Xəlilov: 15 İyun Azərbaycan dövlətçiliyinin xilas günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən biri də 1993-cü il 15 iyun tarixidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlayıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm fəaliyyətin əsası qoyulub. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan insanlar üçün iyunun 15-i Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında, parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayan, daim xalqına dayaq olan dahi şəxsiyyət - Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk edilib.

Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib.

C.Xəlilov bildirib ki, xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Milli Qurtuluş Günü ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun Vətən və xalq qarşısındakı fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonunda müstəqilliyini bərpa etmək kimi tarixi fürsət qazanan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ovaxtkı iqtidarın səriştəsizliyi, hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yüksək həddə çatmış, xaos və anarxiya ölkəni bürümüş, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı.

“Müstəqilliyini əldə etmiş Azərbaycan 1993-cü ilədək daxili çəkişmələr məkanına çevrilmişdi. Milli Qurtuluş Günü də məhz bu baxımdan böyük siyasi əhəmiyyət kəsb edir. 1993-cü il iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas olduğu, Azərbaycanın hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə qovuşduğu gündür. Nəticədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı, idarəetmə sistemi formalaşdırıldı, insanların dövlətə inamı qaytarıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Qurtuluşun sayəsində Azərbaycan dünyada demokratik ölkə kimi tanınıb, dünya birliyində layiqli yer tutub. Azərbaycanın bugünkü uğurları da qurtuluş məfkurəsi ilə əlaqədardır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, güclü, inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub. Bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır.

“İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin şahidləridir. Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara Prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək məbləğdə birdəfəlik maddi yardım edilməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Odur ki, veteranlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyurlar, - deyə polkovnik C.Xəlilov bildirib.