19 noyabr 2019 20:25
176

Cəmil Həsənli daşıdığı məsuliyyətdən qurtulmağa çalışır

İstənilən normal cəmiyyət dəyişikliklərlə yaşayır və bu, qaçılmazdır. Amma cəmiyyətin guya normallaşdırılması çağırışları siyasəti anormallaşdıran insanların şüarçılığıdırsa - bu, ən böyük absurd və eybəcərlikdir. AXCP sədri Əli Kərimli və “Milli Şura”nın lideri Cəmil Həsənli də hər zaman kütləyə xitab etdiklərini vurğulayırlar. Hansı kütləyə, necə xitab?

Cəmil Həsənli siyasi marionetka olduğunun fərqinə hələ də varmır, vara bilmir və “Milli Şura” adlı kvazitəşkilatın strukturunun, fəaliyyət planlarını Bakıda yox, ölkədən xaricdə hazırlandığını pərdələməyə çalışır. Halbuki “Milli Şura”nın təməlinin Moskvada qoyulduğu, rəhbəri postuna da “qəflətən” - yəni göstərişlə - prezidentlik iddiasına qapılmış Rüstəm İbrahimbəyovun təyinatı nə tez unuduldu? “Milli Şura”ının fiaskosundan və R.İbrahimbəyovun da siyasətdə piyada, çağırışlarla bəyanatlarının isə saxtakarlıq və riyakarlıq olduğu aşkarlanandan sonra bu qurumun üzvlərinin tələsik Tiflisə yollanaraq başlarına çarə aramaları, Qərbə fövqələdə sədaqət andı içmələri, Rusiya izini itirmək üçün “Şura rəhbərliyi”ndəki bir sıra şəxslərdən qurtulmaları yaddan çıxdı?

Ölkə müxalifətinin bəlli təmsilçiləri olan bir neçə partiyanın yığışdığı “İctimai Palata”nı darmadağın edərək “Milli Şura” adlı sintetik, bütünlüklə Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı yönələn təşkilata qatılanlar Rusiya vətəndaşına “biət” edəndə nə düşünürdülər görəsən? Azərbaycanın dövlət müstəqilliyini hərraca çıxarmaq, yad dəyərləri ölkə mənəviyyatına pərçimləmək, diqtə olunmuş prinsipləri “demokratiya və liberalizm” adı ilə ölkə siyasətinə yeritmək istəyi müxalifətçilik yox, ziyanvericilikdir.

Zaman göstərdi ki, “Milli şura” ideyasının ortaya atılması və onun reallaşdırılması kökündən yanlış bir addım idi.  Bu düşərgədə yaşanan hər bir uğursuzluğun başında intriqalar, yersiz iddialar və şəxsi ambisiyaların önə çəkilməsi durur. Bu səhv addım onu göstərdi ki, bir-birini qəbul etməyən təşkilatlar heç vaxt birləşə bilməzlər. Xüsusən də söhbət prezident və parlament seçkiləri kimi məsuliyyətli və ağır bir yükün altına girməkdən gedirsə, bu, mümkün deyil. Ona görə də “Milli Şura” adlanan qurumun əvvəldən heç biri uğuru real görünmürdü, nəinki Cəmil Həsənlinin hansısa perspektiv vəd etməsi ola. Bu gün C.Həsənlinin səsi gəlmir. Artıq o, da yavaş-yavaş zibil qutusuna atıldığını anlamağa başlayıb. Belə olmasaydı özünün sosial şəbəkədəki səhifəsində “Milli Şura” adlanan quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyini dilə gətirməzdi. Bununla o siyasi bacarıqsızlığını bir daha etiraf etmiş oldu. “Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir” - deyə qeyd edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş oldu.

Qeyd etməliyik ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaradılan (yəni sənəd üzərində) “Milli Şura” adlı qurum geridə qalan 6 il ərzində dağıdıcı müxalifətin digər birlikləri kimi heç bir siyasi uğura imza ata bilməyib. Əksinə, bütün “fəaliyyəti” uğursuzluqla müşayiət olunub. “Milli Şura”nı da yaradarkən böyük birlikdən danışılırdı, hələ ortada heç nə yox ikən Cəmil Həsənli və Əli Kərimli əməkhaqlarını bir neçə dəfə artırmışdılar da...Amma yeni yaradılacaq qurumun qərargahı belə yox idi. Vaxtilə orada təmsil olunan 129 nəfərdən indi cəmi-cümlətanı 30-35 nəfər ya taparsan, ya tapmazsan. Lap tapsan da həmin 30-35 nəfərin yarısı qurumun toplantılarına, sessiyalarına, ümumiyyətlə, qatılmır. Belə olan halda sual yaranır ki, əgər “Milli Şura”nın əhatə dairəsində 15 nəfər varsa onda bu necə milli olur? “Şura” o qədər inamsız və fəaliyyətsiz imic qazanıb ki, dağıdıcıların xarici havadarlarının da oyuncaq siyahısından çıxarılıb.

Sevinc Azadi, “İki sahil”