05 noyabr 2019 10:23
106

Cəmil Həsənlini və ermənipərəst Daniel Balsonu nələr birləşdirir?

Bu gün Azərbaycanda yeniləşmə, modernləşmə istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının islahatçı ideyaları cəmiyyət tərəfindən böyük razılıqla qarşılanır.  Dövlət başçısının  ictimaiyyət arasında biliyi, savadı ilə müsbət mənada tanınan, tapşırılan işlərin öhdəsindən gələn, cavabdeh olduqları sahələrdə qısa müddətdə özlərini doğruldan, ən əsası isə korrupsiyaya bulaşmayan ümumbəşəri, universal, milli dəyərləri özündə  əxz etdirən kreativ, yeni düşüncəyə malik kadrları yüksək vəzifələrə təyin etməsi, yeni dövrün tələblərinə və çağırışlarına cavab verən daha çevik idarəçi komanda formalaşdırması güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılması dəyərlərinə üstünlük verməsi cəmiyyətimiz tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

Yeni reallıqların mahiyyətini dərindən dərk edən, Vətənini, xalqını sevən hər bir vətəndaşımız belə qənaətdədir ki, bütün sahələrdə sürətlə  həyata keçirilən davamlı islahatlar əhalinin rifah halının yaxşılaşdırılmasına, dövlətçiliyimizin, müstəqilliyimizin daha da gücləndirilməsinə, dövlətin modernləşdirilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına böyük töhfələr verəcək.

İslahatlar dərinləşdikcə, dönməz xarakter aldıqca ölkədə süni ajiotaj və gərginlik yaratmağa çalışan radikal müxalifət, eləcə də xaricdə məqsədli şəkildə yerləşdirilən və təşkilatlandırılan xəyanətkar zümrə sosial media vasitəsilə ictimai rəyi çaşdırmağa cəhd edir, bəzi mafioz güclərlə birləşərək islahatlara qarşı müqavimət göstərmək üçün ən çirkin vasitələrə əl atırlar. Bu marginallar hətta zaman-zaman erməni lobbisi ilə eyni cəbhədə birləşərək xarici ölkələrdə Azərbaycana şər-böhtan yağdırmaqdan belə çəkinmirlər.

Bu günlərdə özünü “Milli Şura” adlı antimilli qurumun sədri adlandıran Cəmil Həsənlinin Vaşinqton Milli Mətbuat Klubunda keçirilən mətbuat konfransı zamanı qatı anti-Azərbaycan mövqe sərgiləməsi bunun əyani sübutudur. Hakimiyyət hərisliyinin, şəxsi ambisiyalarının və AXCP sədri Əli Kərimlinin girovuna çevrilmiş bu 67 yaşlı “tarixçi” ABŞ-da əsl həqiqətləri inkar edərək erməni lobbisinin və  Azərbaycan əleyhdarlarının ssenarisi ilə hazırlanmış 19 oktyabr hadisələri barədə yalan və böhtan xarakterli çıxışı ilə düşmən dəyirmanına su tökmüşdür. Çox maraqlıdır ki, həmin tədbirdə bəzi xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi, Ə.Kərimlinin mətbuat xidməti rolunu xüsusi məharətlə oynayan Sevinc Osmanqızı, jurnalist Ələkbər Raufoğlu ilə bərabər  “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru, ermənipərəst mövqeyi ilə tanınan, erməni separatçılarını açıq-aşkar dəstəkləyən Daniel Balson da iştirak edib.  Bütün “siyasi” fəaliyyəti dövründə merkantil maraqları naminə Azərbaycana düşmən kəsilən C.Həsənli müzakirələr zamanı ABŞ Dövlət Departamentini müxalifət liderlərinə, AXCP sədri Əli Kərimliyə, “Milli Şura”nın üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə laqeydlikdə ittiham edərək Departamentin, eləcə də Qərb ölkələrinin bu hadisələrlə bağlı səssiz qalmasını, necə deyərlər təəssüflə qarşıladığını bildirib. İş o yerə çatıb ki, reallıq hissini, vətəndaşlıq təəssübünü itirən bu xəyanətkar baş “Milli Şura”çı Maqnitski qanununu xatırladaraq Qərb ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmaqdan belə çəkinməyib. Əslində  öz şəxsi ambisiyaları naminə milli maraq və mənafelərimizi ayaqlar altına atan C.Həsənli bütün bunları məqsədli şəkildə edir. Təbii ki, xaricdən-ermən lobbisinin təsir mərkəzində olan bəzi beynəlxalq təşkilatlardan qrantlar alan C.Həsənlinin bütün bu məkrli oyunları və çirkin əməlləri Azərbaycan-Qərb münasibətlərinə zərbə vurmağa, nüfuzlu beynəlxalq iqtisadi strukturlar ilə Azərbaycan arasında mövcud səmimi münasibətləri, etimadı korlamağa, ölkəyə  sərmayələrin cəlb olunmasının qarşısını almağa və ya ləngitməyə hesablanıb.

AXCP sədri Əli Kərimlinin isə “mətbuat konfransı” adlı bu rəzaləti, tragikomediyanı “19 oktyabr mitinqi zamanı baş vermiş işgəncə və polis zorakılığı faktlarının, ölkəmizdə sərbəst toplaşma azadlığına qadağa qoyulmasını dünyanın diqqətinə çatdırmağın hazırda ən vacib işlərdən biri” kimi qiymətləndirməsi isə reallıq hissinin tamamilə itirilməsindən, onun eyforiyaya qapılmasından dolayı panik reaksiyasından və absurd iddialardan başqa bir şey deyil.

C.Həsənli və onun ətrafındakılar çox yanılırlar. Bu gün Azərbaycanın Qərb ölkələri və beynəlxalq iqtisadi təşkilatlarla çox yüksək səviyyədə  əməkdaşlığı mövcuddur.

Şübhəsiz, bu gün zamanın reallığını və tələblərini dərk edə bilməyən, ötən 25 ildə dəyişməyən əyalət təfəkkürlü siyasətçilərin daha doğrusu siyasətbazların yığnağından ibarət olan radikal müxalifətin, eləcə də onun “başbilənlərindən” olan C.Həsənlinin bu antimilli əməlləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq xəyanət kimi qəbul olunur.

Zahid Rza, “İki sahil”