05 noyabr 2019 19:43
88

Cəmil Həsənlinin ABŞ sərgüzəştləri

Sən demə “Milli Şura” sədrinin yollara minlərlə dollar pul xərcləyərək okeanın o tayına getməyinin heç bir mənası-filanı yox imiş. Ancaq özü bunu nə qədər gizlətməyə çalışsa da “torpağın da qulağı var”-deyiblər. Cəmi iki gündən sonra hər şey faş olub.

“Mill Şura”nın sədri Cəmil Həsənlinin 2 noyabr icazəsiz aksiyasının təxirə salınması ilə bağlı müraciətində maraqlı bir məqam var. Belə ki, o, 31 oktyabrda “curlarına” ünvanlandığı müraciətdə “6-7 saatdan sonra Vaşinqtonda mətbuat konfransı keçirəcəklərini, ABŞ siyasətçilərinin və mətbuatının diqqətini Azərbaycandakı polis zorakılığına, işgəncəyə, sərbəst toplaşmaq azadlığına qoyulan qadağalara cəlb edəcəklərini” müjdələyirdi. Bildirirdi ki, “bir neçə saatdan sonra Vaşinqtonda keçirəcəyimiz mətbuat konfransı ABŞ siyasətinin və mətbuatının diqqətini Azərbaycana cəlb etmək baxımından çox önəmlidir”.

 Cəmil Həsənlinin ABŞ-da doğrudan da böyük-böyük işlər gördüyünə inanan, mitinqin təxirə salınması ilə bağlı müraciəti qəbul edən Əli Kərimli və onun başçılıq etdiyi dağıdıcılar sonradan aldandıqlarını hiss ediblər. Məlum olub ki, ABŞ-dakı mətbuat konfransından hay-küylə danışmasına baxmayaraq bütün bunlar sabun köpüyündən başqa heç nə deyilmiş. “Milli Şura” sədrinin cılız görüntü yaradan “ala başına, kül başına” keçirdiyi tədbir kimlərinsə gözünə kül üfürmək məqsədi daşıyıb. Yalançını mənzilinə qədər qovanlar məhdud dairədə yayılan mətbuat konfransının videoçəkilişini tapıblar. Hap-gopların da üstü onda açılıb.

Təəccüb doğuran o olub ki, Cəmil Həsənli nədənsə “ABŞ siyasətçilərinin və mediasının diqqətini cəlb edən” mətbuat konfransından cəmi iki foto yayıb: birində konfransı keçirənlər, digərində isə konfransın adı yazılan banner əks olunub.

Bəs, Cəmil Həsənlinin mətbuat konfransına düşmək üçün növbə tutan, basdırıq və dava salan “ABŞ siyasətçiləri və mediası” hanı? Onların fotosu niyə yayılmayıb? Digər tərəfdən, Cəmil Həsənli mətbuat konfransı ilə bağlı çəkdikləri videonu da özü heç yerdə yaymayıb - yalnız çıxışının mətnini paylaşıb. Nə əcəb “ABŞ siyasi gündəmini silkələyən” mətbuat konfransından çəkilmiş videonu burada da paylaşmayıb?

Videoda görünən yalnız Cəmil Həsənli, onun tərcüməçisi rolunda olan Sevinc Osmanqızı və “ABŞ siyasətçilərindən” isə iki gənc “siyasi ekspert”dir. Təəccüblüdür ki, bir saat on dörd dəqiqəlik videoçəkilişdə bir dəfə də olsun auditoriya göstərilməyib. Yalnız sual verilən zaman ani olaraq kameranın obyektivi zala doğru çevriləndə görünür ki, kiçik bir otaqda keçirilən tədbirdə stulların əksəriyyəti boşdur.

Demək lazımdır ki, Cəmil Həsənlinin mətbuat konfransına Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi də qatılıb. Lakin orada bir-birinə zidd fikirləri çarpazlaşıb və bu, Cəmil Həsənlinin xoşuna gəlməyib. Sonra diplomatın qarasınca xeyli danışıb.

Maraqlıdır, türk diplomat Cəmil Həsənlinin “hədəfinə” necə tuş gəlib? Videonun əlli səkkizinci dəqiqəsində bunu müşahidə etmək olar. Türk diplomat deyir:

- Sual verməzdən öncə danışılanlara şərh vermək istərdim. Gülənlə bağlı olan söhbətlə başlayacam. Cəmil Həsənli çıxışında Azərbaycan hakimiyyətini Gülənlə bağlamağa çalışır. Mən bir türk olaraq öz borcumu və Türkiyə millətinin borcunu yerinə yetirib Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə 15 iyul hadisələrinin arxasında olan FETÖ lideri Fətullah Gülənə qarşı mübarizədə bizə dəstək verdiyi, yanımızda olduğu üçün təşəkkürümü bildirirəm. Məndə olan məlumata görə, Azərbaycandakı bütün FETÖ məktəbləri bağlanıb. Bununla yanaşı, biz bütün dünyadan böyük dəstək aldıq.

Bu sözlər “Milli Şura” sədrinin xətrinə bərk dəyib və üzünü yana çevirməli olub.

Orada kiçik bir “nitq irad edən” Sevinc Osmanqızı söyləyib ki, Azərbaycanın yeganə və ən böyük problemi internet mediasının azadlığıdır. Türkiyə diplomatı buna cavab olaraq “Mən düşünürəm ki, Azərbaycanın bu gün ən böyük problemi Qarabağ torpaqlarının işğal altında olmasıdır,”-deyə etiraz edib.

Görün bu torpağın çörəyini yeyib, suyunu içən, Azərbaycanda firavan həyat sürən nankorlar harada, nə danışırlar? Bizcə bunlara “beynəlxalq siyasi dələduzlar” epiteti daha çox yaraşır.

Vəli İlyasov, “İki sahil”