17 mart 2020 20:35
936

Cəmiyyətimizin təhlükəsizliyi naminə

Koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik

Azərbaycanda koronavirusla bağlı ciddi izolyasiya tədbirləri həyata keçirilir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır.  Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlamışlar. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal almışdır. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. ÜST-ün ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. 

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirmişdir. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınmışdır.

Hazırda tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Bu qaydalar  milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi  məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.

Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvqafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək. Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin  sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.

Bu gün  bütün vətəndaşlarımız mövcud qaydalara ciddi şəkildə əməl etməklə özünü, ailəsini bütövlükdə cəmiyyəti qorumaq qayğısına qalmaqla  bütün dünyanı lərzəyə salan bu virusun artması ehtimalına qarşı mübarizəyə öz töhfəsini verməlidir.

Zahid Rza, “İki sahil”