22 may 2020 15:00
162

Cənab Prezident, fəaliyyətiniz insanlarımızın xoşbəxt yaşamasına xidmət edir

Koronavirus pandemiyasının geniş yayılmasından irəli gələrək əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə ölkəmizin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Tərtər rayonundan Səriqə Rzayeva, Şaiq Quluyev və Arif Behbudov: “Hörmətli cənab Prezident! Bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəgörünməz düşmənlə üzbəüz qalan dünyamızda Sizin strategiyanız nəticəsində Azərbaycan xalqı bu düşmənə qalib gəlmək üzrədir. Siz bizim yanımızda olduğunuz kimi, xalq da Sizin yanınızdadır. Tərtər rayonunun əhalisi adından Sizə minnətdarlığımızı bildiririk.”

İsmayıllı şəhərindən Elman Xəlilov: “Hörmətli cənab Prezident! Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyada koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda Sizin qayğıkeşliyiniz, vətənpərvərliyiniz bir daha göz qarşısındadır. Bu virus hamı kimi bizi də narahat edir. Çox sağ olun ki, aztəminatlı, işsiz vətəndaşların qayğısına qalırsınız. Sizin humanist addımlarınız əvəzedilməzdir. İşsiz vətəndaş olaraq mənə də 190 manat verildi. Sizin sayənizdə ailəm və övladlarım sevindi. Ailəmin və uşaqlarımın adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, tezliklə bütün dünya bu bəladan qurtulsun, doğma Azərbaycanımız Sizin siyasətiniz nəticəsində sosial-iqtisadi inkişafını davam etdirsin, həmişə yüksəklərdə duran qabaqcıl ölkələrdən olsun. Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə Sizi dəstəkləyirik.”

Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən Cavanşir Poladov: “Hörmətli cənab Prezident! Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində koronavirusa qarşı aparılan düzgün mübarizə öz nəticəsini göstərdi. Siz xalqın dar günündə önə keçən, xalqı hər bəladan qoruyan lidersiniz. Siz xalqın çətinliklə üzləşdiyi bir dövrdə 100 minlərlə vətəndaşımıza, istər vergi ödəyicisi olsun, istər işsiz, heç bir fərq qoymadan yardım etdiniz. Bu xalqını sevən və dəyərləndirən Prezidentə layiq addımdır. Sizə minnətdarlıq bildirərək şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.”

Saatlı rayonundan Qədim Ədilov və Mamed Ağayev: “Hörmətli cənab Prezident! Koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz bizim bu sınaqdan minimum itki ilə çaxmağımıza zəmin yaratdı. Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin dövlətçiliyimizin inkişafı yolunda apardığınız islahatlar, məmur özbaşınalıqlarına son qoymanız yaxşı nəticələrini verməkdədir. Sizin verdiyiniz qərarlar, bu çətin günlərdə etdiyiniz yardımlar xalqın daha yaxşı yaşamasına hesablanmışdır. Koronavirusdan xalqımızı qorumaq üçün göstərdiyiniz səylərə görə Sizə minnətdarlıq bildirir, bu şərəfli və məsuliyyətli işinizdə yeni uğurlar arzulayır, hər bir çağırışınıza əsgər kimi hazır olduğumuzu bildiririk.”

Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Bayram Ələkbərov: “Çox hörmətli Prezidentimiz! Mən bir Azərbaycan gənci və Füzuli sakini olaraq xalqımıza verdiyiniz dəyərə, ölkəmiz üçün göstərdiyiniz xidmətlərə görə Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ulu Öndərimizin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğını biz Sizin fəaliyyətinizdə də görürük. Buna misal mənim təhsil haqqımın dövlət tərəfindən ödənilməsidir. Dəyərli Prezidentim və çox hörmətli Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanımızı müasir və inkişaf etmiş ölkələr sırasında görürük. Bütün dünyada yayılan koronavirus pandemiyasının ölkəmizə də təsiri oldu. Lakin Siz ilk gündən başlayaraq qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu tədbirləriniz xalqımızın sağlamlığını qorudu. Siz hər zaman xalqımızın yanında olmusunuz, bu çətin günlərdə də vətəndaşlarımızdan qayğınızı əsirgəmədiniz. Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuram.”

Şirvan şəhərindən Təranə Tağıyeva: “Möhtərəm cənab Prezident! Bütün bəşəriyyətin ağır pandemiya ilə həyatda qalmaq uğrunda mübarizə apardığı bir dövrdə Sizin ən ali dəyərlərə söykənərək insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin daha bir göstəricisidir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrində belə, sözün əsl mənasında, insanlıq dramı yaşatdığının şahidi oluruq. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya ən uğurlu mübarizə modelini nümayiş etdirdi. Əlbəttə, bu, bir vətəndaş olaraq məni sevindirməyə bilməz. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Sizə minnətdaram.”

Ağstafa rayonundan Elcan Quliyev: “Möhtərəm cənab Prezident! Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir. Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin!”

Göyçay rayonundan Şahin Əliyev: “Cənab Prezident! Dünyanı bürüyən pandemiya dövründə Azərbaycan vətəndaşları Sizin tapşırığınızla xüsusi diqqət və qayğı ilə əhatə olundu. Pandemiya dövründə 600 mindən çox vətəndaşa maddi kömək göstərildi, bir çox fond və təşkilatlar tərəfindən ərzaq yardımı edildi. Azərbaycan gənci, Azərbaycan könüllüsü olaraq qürurla və fəxrlə ərzaq yardımlarının çatdırılmasında iştirak etdik. Cənab Prezidentimiz, Sizin Sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqqınızı bu Fonda ianə etməyiniz Azərbaycan xalqına olan diqqət və qayğının daha bir göstəricisi oldu. Xalqımızın həmrəyliyi bir daha dünyaya nümunə oldu. Böyük şirkətlər, iş adamları, həmçinin bizim kimi sadə vətəndaşlar da fonda ianə etdilər. Cənab Prezidentimiz, 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməyiniz bizə böyük stimul verdi. 2013-cü ildən qürurla və fəxrlə Azərbaycan könüllüsü adını daşıyıram. Biz sizin könüllü əsgərlərinizik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə gənc fəal olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü və minnətdarlığımı bildirirəm.”

Bakı şəhərinin Suraxanı rayonundan Fərid Fəxrəddinli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Azərbaycan gənci Sizə daim güvənir. Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenidən öz axarına düşəcək. Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız humanist addımlar öz müsbət nəticələrini verəcək.”

Bakı şəhərindən İnqilab Nəzərov: “Möhtərəm cənab Prezident! Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi. Əhalinin sağlamlığının qorunması ön plana çəkildi. Dünyanın pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb. Cənab Prezident, apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir. Sizin əməyiniz qarşısında baş əyirik. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi heç bir zaman unutmayacaq. Şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edirəm. Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük!”