11 mart 2020 20:49
4325

Cənubda 1918-ci ilin Mart qırğınları

Azərbaycanda müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən  törədilən soyqırımlar tariximizin ən qanlı səhifələrindəndir.  Bu barədə  hazırda mətbuatda  çox yazılır, kitablar nəşr  olunur.  Amma təəssüflər olsun ki, uzun müddət  qanlı mart  hadisələrinin üstündən  sükutla  keçilib. Nəticədə tarixin müəyyən   mərhələlərində xalqımıza qarşı həmişə kin-küdurət bəsləyən əzəli və əbədi düşmənimizin olduğunu unutmuşuq. Və bu unutqanlıq indinin özündə belə Vətənimizə, xalqımıza  böyük itkilər  hesabına  başa gəlir. 

Silsilə şəklində davam edən  mart qırğınları təkcə  Bakıda  və Şamaxıda deyil, ən  ucqar bölgəlrədə də insanlara faciələr gətirirdi. Qubada, Xaçmazda, Hacıqabulda, Salyanda, Gəncədə, Qarabağda, Naxçıvanda  kəndlər, şəhərlər xarabazara  çevrilir, minlərlə müsəlman  məhv edilirdi. Eləcə də 1918  -  ci ildə martın  birinci yarsından başlayaraq ermənilər Lənkəran qəzasının müsəlman əhalisinə qarşı misli görünməmiş vəhşiliklər törədib, dinc əhaliyə amansız divan tuturdular. Əslində erməni millətçiləri törətdikləri qırğınlarar Lənkəran qəzasında hələ yanvar ayından başlamışdı. Bu qanlı-qadalı olaylar 1919-cu ilin avqustuna kimi, yəni cənubda Cümhuriyyətin bərqərar olmasına kimi davam etmişdir. Bu faciələr sovet dövründə yaşlı  insanlar arasında arasında “Qaçhaqaç zamanı” kimi xatırlanıb, yaddaşdan-yaddaşa nəsildən-nəsilə ötrülmüşdür.

Qanlı hadisələri törədən erməni millətçiləri bölgədəki rus əsgərlərini öz tərəflərinə  çəkmək üçün  hər cür şantaj və təxribat metoduna da əl atırdılar. Mart qırğınları zaman ermənilər şayiə yaydılar ki, Bakı  milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfi güllə yarasından həlak olan oğlu Məhəmmədin  dəfnində iştirak edən müsəlman əsgərləri guya  “Evelina” gəmisi ilə Lənkərana qayıdan kimi ruslara (malakanlara) hücum edib onları qıracaqlar.  Belə təxribatlarla onlar rus zabitləri arasında  özlərinə  himayədar tapırdılar. Məhz onların sayəsində Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kicik bir dəstəsi tərksilah edildi. Bununla  da  mart  qırğınlarını törətmək üçün erməni quldurları   fürsət  qazanmış olur.

Lənkəranda  polkovnik  Makarovun başçılıq  etdiyi  soyğunçu- qarətçi  dəstənin hamısı ermənilərdən ibarət idi. Ermənipərəst Şıvkunovun quldur dəstəsi də  həmin illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində  dinc sakinlərə meydan oxuyurdu. Lənkəran xanı  Mir Əhməd xanın  malikanəsini ələ keçirən Şıvkunov oranı özünə qərargah etmişdi. Hətta qanlı mart hadisələrindən sonra da  Şıvkunovun tabeçiliyində olan Somsonov kimi ermənipərəst adamların  zülmündən cana doyan ziyalılar dövlət müfəttişlərinə, hökumətə şikayətlər edirdilər.  Lənkəran ziyalıları qanlı  faciənin qarşısını almağa cəhdlər göstərirdilər.

Silahlı dəstələrə başçılıq edən  Avetisov quldurluqla və soyğuçuluqla məşğul idi. Silah axtarmaq adı ilə  o,  öz dəstəsi  ilə  imkanlı adamların evinə basqın edib, qızıl və  başqa qiymətli əşyaları  götürəndən sonra onları qətlə yetirirdi. Erməni  quldurlarının törətdikləri bu cinayətlər o dövrün  mətbuat salnamələrində  öz əksini tapırdı.  O vaxtlar  Bakıda  çıxan “Bəsirət,” “Açıq söz”, “Azərbaycan” və başqa qəzetlərdə erməni silahlı quldurları tərəfindən   Lənkəranda, Astarada,  Masallıda  əkin  yerlərinin, mal-qaranın  müsəlmanların əlindən alınmasından,   müsəlman əhalisinin  ev-eşiklərinin yandırılmasından bəhs  olunurdu. Quldur dəstələri Muğan kəndlərinə də fasiləsiz hücumlar edirdilər.  Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən yandırılmışdı. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri belə müsəlmanların əlindən alınaraq ruslara verilmişdi.  

Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov yazır: “Avetisovun əsgərlərinin müsəlmanlara qarşı etdikləri vəhşilik və zülümlər sayəsində Muğan kəndlərində həyat sönmüş, insan yaşamayan ölü kənd olmuşdu...  Ağqobu çayında xeyli insan cəsədi vardı... İlyaşeviçin quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi... Yaşlı kənd sakinlərı Avetisov və Əmiryanın silahlı dəstələrinin qəddarlığını hələ də xatırlamaqdadırlar.”

Əslən Masallıdan olan, o zaman Lənkəranda yaşayan dövrünün tanınmış ziyalısı, görkəmli maarif xadimi, tarixçi - etnoqraf Teymur Bayraməlibəyov “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il tarixli 39-cu sayında yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə-baba torpaqlarında rahat yaşaya bilməzlər”.

Mənbələrdə göstərilir ki, 1918-ci ilin payızında Lənkəran Müsəlman Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymur bəy Bayraməlibəyov başda olmaqla, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə  Böyük Britaniyanın İrandakı konsulu ilə görüşdülər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri konsula təqdim etməklə bərabər ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söylədilər.   Bundan sonra Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti ermənilərin Lənkəranda törətdikləri azğınlıqlara etiraz əlaməti olaraq 1918-ci ilin noyabrında Bakıya gələrək o vaxt Bakıda  “Metropol” mehmanxanasında - indiki  Nizami Gəncəvi  adına  Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qərargah quran ingilis generall Tomsonla görüşdü. T. Bayraməlibəyov ondan ölkənin cənubunda yaranmış vəziyyətlə əlaqədar təsirli tədbirlər görülməsini tələb etdi.  Lakin ingilis generalın məsələyə ciddi yanaşmadığını görən T. Bayraməlibəyov Bakıda olan türk qoşunlarının ali baş komandanı Nuru Paşa ilə görüşür, ona Lənkəran ziyalılarının məktubunu  təqdim edir və Avetisovun quldur dəstələrinin özbaşınalığı haqqında ətraflı məlumat verəndən sonra deyir: “ Belə biabırçılığa türk oğlu, müsəlman dözə bilməz. Xahiş edirik kömək göstərəsiniz”.

Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirir ki, biz sizə hərtərəfli köməklik göstərəcəyik və adıçəkilən dəstənin bütün özbaşınalıqlarının qarşısı alınacaq...   Beləliklə, Nuru Paşanın göstərişi ilə türk sərkərdəsi Camal Paşa 500 əsgərlə lənkəranlılara köməyə göndərilir. Erməni quldurbaşı polkovnik Avetisov  Göytəpədə öldürülür.

İki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında ermənilərin törətdikləri qırğınlara 1919-cu ilin yayında - Camal Paşanın komandanlığı ilə türk ordusunun  Lənkəran qəzasına daxil olduğu vaxtdan son qoyuldu. Çox təəssüf  ki, “gavur gülləsi mənə dəyməz” - deyən Camal paşa 1920 -ci ilin  dekabrında Astaranın erməni quldur dəstəsindən azad edilməsi uğrunda gedən döyüşlərdə həlak oldu...

Mart qırğınları zamanı Lənkəran və ətraf rayonlarda 50-dən çox yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilmişdi. Tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilmiş, dükan-bazarlar talan  olumuşdu. 2000-dən çox dinc sakin qətlə yetirilmişdi. Lənkəranda yaradılmış Fövqəladə İstintaq Komissiyası baş vermiş qanlı faciəni araşdırmağa çalışsa da, sovet hakimiyyəti buna imkan verməmişdir.

P.S: Gələcək nəsillərə çatdırılası həqiqət budur: Erməni adlı qəddar  düşmənimiz dünən də olub,   bu gün də  var, sabah da  olacaq...

Nurəddin Ədiloğlu