22 yanvar 2020 16:38
1037

“Cerald R.Ford” tipli təyyarədaşıyan gəmiyə Doris Müllerin adı verilib

ABŞ Hərbi Dəniz Donanmasının rəhbərliyi “Cerald R.Ford” tipli dördüncü təyyarədaşıyan gəmiyə Doris Müllerin adının verildiyini elan edib.

Doris Müller 1941-ci ilin dekabrında yaponlar Perl Harbor limanına hücum edərkən göstərdiyi qəhrəmanlığa görə “Hərbi dəniz xaçı” ordeninə layiq görülmüş Afrika mənşəli ilk amerikalıdır.

Həmin gün səhər Perl Harbor limanına hücum edilərkən həyəcan siqnalı veriləndə üçüncü dərəcəli köməkçi Müller “USS West Virginia” gəmisində yuyulacaq camaşırları yığmaqla məşğul idi. Dərhal gəmini müdafiə etməyi qərara alan Müller pulemyotu götürərək yaponların bombardmançı təyyarələrinə atəş açıb. Sonradan Müller xatırlayırdı: “Bu, çətin deyildi. Mən sadəcə tətiyi basdım və hər şey əla getdi”. Bu döyüşdən sonra Müller gəminin təxliyə olunmasında komandirə və digər heyət üzvlərinə kömək edib, lakin gəmi batıb.

1942-ci ildə donanma admiralı Çester Nimits Mülleri “USS Enterprise” gəmisinin göyərtəsində “Hərbi dəniz xaçı” ordeni ilə təltif edib. Müller 1943-cü ilə qədər xidmətini davam etdirib, həmin ildə isə yapon sualtı qayığı tərəfindən “USS Liscome Bay” gəmisinə torpeda hücumu zamanı öldürülüb.

Texas ştatındakı Vako Mədəniyyət və İncəsənət Mərkəzinin prezidenti, Doris Müller memorialının rəhbəri Dorin Ravenskroftun sözlərinə görə, müharibənin ilk illərində Afrika mənşəli amerikalıların ABŞ Hərbi Donanmasında silahdan atəş açmasına icazə verilmirdi.

Hazırda inşa edilməkdə və ya istismarda olan 13 təyyarədaşıyan gəmidən onu ABŞ-ın sabiq prezidentlərinin, ikisi Konqres üzvlərinin adlarını daşıyır. İnşasına sifariş verilmiş bir təyyarədaşıyan gəminin adı hələlik müəyyən edilməyib. //AZƏRTAC