25 yanvar 2020 10:41
1248

Ceyhun Məmmədov: Əgər mənə etimad göstərsəniz...

Milli Məclisə VI çağırış növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Suraxanı rayonu Yeni Suraxanı 3-cü mədən yaşayış massivində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin evlərində olub, həyətlərdə onlarla görüşüb.

Ceyhun Məmmədov  Qarabağ müharibəsində şəhid olan Əhmədov Yaqub Rza oğlunun atası Rza Əhmədova da baş çəkib. Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və seçicilərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və onu regionun lider dövlətinə çevrilib. A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Ceyhun Məmmədov seçki platforması haqqında seçicilərə geniş məlumat verərək ona etimad göstərilərsə qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluq istiqamətində görəcəyi işlər barədə danışıb.

O, həmçinn Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, deputad seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da  inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb.

Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deputatlığa namizəd Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirin sonunda  seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”