16 sentyabr 2019 12:47
731

Çikaqolu müəllimlər ümumi tətil keçirməyə hazırlaşırlar

Birləşmiş Ştatların üçüncü ən böyük məktəb dairəsində çalışan müəllimlər gələn ay ümumi tətil keçirmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, çikaqolu müəllimlər dairə administrasiyasının sonuncu təklifini rədd edəndən sonra əməkhaqqı, işçilərin çatışmaması və siniflərdə şagirdlərin sayı kimi məsələləri müzakirə etmək üçün danışıqlar masası arxasına qayıdıblar. Digər ştatlarda da, o cümlədən Qərbi Virciniya və Koloradoda, habelə Los-Anceles və Oklend şəhərlərində (Kaliforniya ştatı) analoji tətillər keçirilib.

Çikaqoda müəllimlərin sonuncu iri tətili yeddi il bundan əvvəl keçirilib. Qarşıdakı tətil nəticəsində təqribən 600 məktəbin müvəqqəti bağlanacağı gözlənilir. Bu, 400.000 şagird və onların ailələri üçün ciddi problemlər yaradacaq.

Təqribən 25.000 pedaqoqu təmsil edən Çikaqo Müəllimlərinin Həmkarlar İttifaqı bildirib ki, son illər ərzində bu dairədə məktəblər üçün maliyyə vəsaitləri qeyri-müntəzəm bölüşdürülüb, məktəblərin büdcələri xeyli azaldılıb. Nəticədə məktəblərdə zəruri əməkdaşlar, o cümlədən tibb bacıları və kitabxanaçılar çatışmır.

Həmkarlar İttifaqının nümayəndələri bildiriblər ki, hər bir məktəbdə tibb bacısı və kitabxanaçı olmalıdır. Həmkarlar İttifaqı sosial işçilərin sayının artırılmasını və sinifdəki şagirdlərin sayının məhdudlaşdırılmasını da tələb edir. Əməkhaqqı məsələsinə gəldikdə, Həmkarlar İttifaqı məktəblərlə müəllimlər arasında üç il müddətinə, hər il əməkhaqqı 5 faiz artırılmaq şərti ilə müqavilələr bağlanmasını tələb edir.