13 may 2019 18:05
89

Çin Amerika məhsullarına cavab rüsumları tətbiq edəcək

Çin iyunun 1-dən ümumi həcmi 60 milyard dollara çatan Amerika məhsullarının idxalına artırılmış rüsumlar tətbiq edəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin məlumatında deyilir. Belə ki, 2493 adda məhsulun rüsumu 25 faiz, 1078 adda məhsulun rüsumu 20 faiz, 974 adda məhsulun rüsumu 10 faiz təşkil edəcək, 595 məhsulun rüsumu isə əvvəlki kimi 5 faizdə qalacaq. Bunun Vaşinqtona cavab addımı olduğu bildirilir.

Ticarət üzrə ABŞ-ÇXR danışıqlarının bu həftə Vaşinqtonda keçirilən növbəti raundu Çin məhsullarına rüsumun növbəti dəfə artırılması fonunda nəticəsiz başa çatıb. Çindən idxal olunan 200 milyard dollar həcmində məhsulların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin məhsullarına rüsumun artırılması prosesinə başlamaq barədə də göstəriş verib.