10 avqust 2019 10:23
226

Çin polisi 123,8 kiloqram narkotik vasitə müsadirə edib

Çinin Yunnan vilayətində polisin keçirdiyi 2 əməliyyat nəticəsində ümumilikdə 123,8 kiloqram narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcədən daxil olan məlumat əsasında keçirilmiş əməliyyat nəticəsində iyulun son günlərində qonşu Myanmadan Çinə gələn avtomobil saxlanılıb və 44 kiloqram tiryək müsadirə olunub. Avtomobili idarə edən şəxs saxlanılıb. Həmin gün digər şübhəli avtomobildə isə 11,6 kiloqram heroin aşkarlanıb və iki nəfər saxlanılıb.

Yunnan polisinin keçirdiyi digər əməliyyat zamanı isə narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslərdən 67,5 kiloqram metamfetamin maddəsi müsadirə edilib, bir neçə nəfər saxlanılıb. Hazırda təhqiqat aparılır.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.