13 dekabr 2019 13:54
815

Çin xalqı Nankin qırğını qurbanlarının xatirəsi anır

Çinin Ciansu vilayətinin inzibati mərkəzi olan Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlarda ölənlərin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə Çinin o zamankı paytaxtı olan Nankində baş verən hadisələrin 82-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Nankin qırğını quranlarının xatirə muzeyinin qarşısında keçirilən tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, hadisələrin canlı şahidləri və qırğın qurbanlarının yaxınları, ümumilikdə 8 min nəfər iştirak edib. Yerli vaxtla saat 10:01-də bir dəqiqəlik sükut elan edilib.

Qeyd edək ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun Nankində 1937-ci il dekabrın 13-dən yanvar sonunadək törətdiyi qırğınlarda 300 mindən çox dinc sakin və silahsız əsgər öldürülüb. Rəsmi Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir. Hazırda Nankin hadisələrindən sağ çıxaraq günümüzədək yaşayan cəmi 80 nəfər qalıb.

Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının 2014-cü ildə qəbul etdiyi qərarla hər il 13 dekabr tarixi Çində Nankin qırğını qurbanlarının xatirəsinin anım günü kimi qeyd edilir.