15 iyul 2020 12:28
959

Çində daşqınlardan 6,4 milyon insan zərər çəkib

Çinin cənub-qərbində yerləşən Szyansi əyalətində baş verən daşqınlar nəticəsində 6,42 milyon insan zərər çəkib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin daşqınlar və quraqlığa nəzarət üzrə komandanlığının məlumatında deyilir. Məlumata əsasən, təxminən bir həftə bundan öncə başlayan leysan yağışları 584 min hektar əkin sahəsini məhv edib və 654 min yerli sakinin təxliyəsinə səbəb olub.

İyulun 4-dən başlayan yağışlar ölkə ərazisində axan 212 çayda suyun səviyyəsini təhlükəli həddə qaldırıb, 19 çayda bu göstərici tarixi rekordu yeniləyib. Artıq 15 gündür ki, ölkənin üçüncü ən böyük şirin su hövzəsi olan Tayhu gölündə suyun səviyyəsi təhlükəli həddi keçib.

Çin lideri Si Cinpin insanların həyatının xilas edilməsi və onların əmlakının təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi barədə göstəriş verib.

Təbii fəlakətin dövlətə təxminən 1,7 milyard dollar zərər vurduğu bildirilir. Bir qədər əvvəl ÇXR-in daşqınlar və quraqlığa nəzarət üzrə komandanlığının qərargahı fövqəladə vəziyyətlərə reaksiya səviyyəsini üçüncüdən ikinciyə qaldırıb.

Qeyd edək ki, Çində fövqəladə vəziyyətlərə dörd reaksiya səviyyəsi müəyyən olunub, onların da ən yüksəyi birinci səviyyədir.