KÖŞƏ

Zahid Rza

Çoxalan istefalar AXCP-nin dağılmasını qaçılmaz reallığa çevirir

20 iyun 2020 11:14
3707

Dağıdıcı müxalifətin liderciklərindən olan Əli Kərimlinin şəxsi kontoruna çevrilən AXCP davamlı olaraq uğursuzluqlara düçar olur. Bu təşkilat sürətlə dağılır. Son vaxtlar partiyanı çoxsaylı insan tərk edib. Həmin şəxslər məhz Əli Kərimlinin təşkilatda yeritdiyi siyasətə etiraz olaraq bu addımı atdıqlarını bəyan ediblər.

Bir müddət əvvəl təşkilatın Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev öz “Facebook” səhifəsində Əli Kərimlini istefaya çağırmışdı. NTK sədri müraciətində bəyan edib ki, yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb: “2015-ci ildə qurultayda partiyanın Nəzarət-Təftiş Komissiyasının üzvü, daha sonra sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Partiyadaxili maliyyə, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi əqidəli, düzgün adam qane etməyib”.

Aydın Əliyev bildirmişdi ki, Əli Kərimli partiyada çox sərt diktatura rejimi qurub: “30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. Sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində, partiyada çox sərt diktatura rejimi qurub. Əli Kərimli siyasi dələduz olaraq bizi və xalqımızı illərdir aldadır.” Bundan başqa AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev bir müddət bundan əvvəl verdiyi açıqlamada onun partiyadakı maliyyə fırıldaqlarını açıb-tökmüşdü. R.Nurullayev bildirirdi ki, pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Sabiq müavin faktlarla sübut edirdi ki, Ə. Kərimli heç yerdə işləmədiyinə baxmayaraq övladlarını ən bahalı Avropa məktəblərində oxutdurur. Belə ki, onun ən kiçik oğlu Londonda doğulub. Böyük oğlu Bakıda ən bahalı məktəb olan “Oksford”da təhsil alıb. İndi də Londonda ən bahalı universitetdə oxuyur.

Ə.Kərimlinin bütün fırıldaqlarına bələd olan AXCP üzvləri bu təşkilatı tərk etməklə yanaşı, onun istefasını tələb edirlər. Bu günlərdə Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, cəza müddətini başa vuraraq azadlığa çıxdıqdan sonra bəyanatla çıxış edən Qorxmaz Əliyev təmsil olunduğu partiyanın sıralarını tərk etdiyini açıqlayıb.

Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənilib.

Q. Əliyev əlavə edib ki, AXCP-nin hazırkı üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.

Xəyanətin, satqınlığın iki başı var. Yəni xəyanət edən özü də nə vaxtsa əməllərinin bədəlini ödəmiş olur. Ona görə də aqillərimiz deyib ki, etmə, sənə də edərlər. AXCP-yə, onun sədrinə daha yaxından bələd olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu gün AXCP-nin və Ə.Kərimlinin ətrafında baş verənləri məhz belə xarakterizə edir. F.Mustafa bu məsələ ilə bağlı bir müddət bundan əvvəl mətbuat orqanlarından birinə verdiyi müsahibədə bildirmişdi ki, bütün bunlar ona 16-18 il əvvəli xatırladıb. O vaxt F.Mustafa AXCP-nin tarixinə ekskursiya edərək bildirmişdi ki, rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimli müəyyən qüvvələrdən sifariş alaraq ona qarşı iyrənc vasitələrdən istifadə edir, onun mövqeyini zəiflətməyə çalışır. Ümumiyyətlə, onun siyasətdə olmasına müəyyən dərəcədə maneəçiliklər yaratmaq istəyir. Onun hər hansı şəkildə yenidən dirçəlməsinə imkan verməmək barədə müəyyən öhdəlikləri var. Bütün işlərini də buna doğru yönəldib.