21 fevral 2019 11:38
790

“Çoxillik həllolunmaz problem”ə son

Son zamanlar ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bu günlərdə Prezident İlham Əliyev humanizm prinsiplərini əsas tutaraq bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalanması da məhz bu istiqamətdə atılan addımlardan biridir.

Yeni Fərmanı olduqca mühüm bir sənəd kimi qiymətləndirən iqtisadçı-ekspert Vüqar Bayramov “İki sahil”ə açıqlamasında bildirdi ki, dövlət başçısı tərəfindən əhalinin yaşayış səviyyəsinin və sosial rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlar ölkədə yeni situasiya yaradır: “Eyni zamanda, bu Fərman “çoxillik həllolunmaz problem”ə də son qoydu. 2019-cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur. Bununla da müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarışla təmin olunacaqlar. Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, bu, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar”.

Ekspert onu da əlavə etdi ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib: “Yeni Fərman isə imkan verəcək ki, bu kimi problemlər aradan qaldırılsın. Onu da qeyd edək ki,  bu proses bir ay müddətində həyata keçiriləcək. Sözsüz ki, bütün bu kompleks tədbirlər cənab İlham Əliyevin əhalinin yaşayışını asanlaşdırmaq üçün atdığı növbəti humanist addım kimi qiymətləndirilir və əhali tərəfindən böyük razılıqla qarşılanır. Eyni zamanda, bu qərar ölkədə dövlət başçısının rəhbərliyi ilə başladılmış və uğurla davam etdirilən genişmiqyaslı islahatların tərkib hissəsidir. Bu Fərmandan yaxın vaxtlarda on minlərlə ailə bəhrələnəcək”.

Politoloq  Nəzakət Məmmədova isə açıqlamasında bildirdi ki, Fərman sənədin özündə də əks olunduğu kimi Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsipləri əsas götürərək, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb: “Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu Fərman Azərbaycan Respublikasında 1993-cü ildən bəri həyata keçirilən islahatların və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi 1993-2003, 2003-2009 və 2009-2019-cu illəri əhatə edən növbəti mərhələsi çərçivəsində həyata keçirilir. Dövlət başçısı qeyd edib ki, 2009-2019-cu illəri əhatə edən genişmiqyaslı, çoxşaxəli islahatlar mərhələsi ölkəmizdə bütün sahələri əhatə edərək vətəndaşın, cəmiyyətin rifah halının yaxşılaşması istiqamətində mühüm dəyişikliklərə səbəb olub və proses davam edir. 2019-cu ildən islahatlarımızın yeni mərhələsi başlayıb”.

Mənsumə Babayeva, “İki sahil”