17 fevral 2020 21:07
1009

Cıdır düzündən çiçək dərməyə əhd etmişik

Bu gün sabahların tarixidi

Sabah tarix olacaq bu həlim qış səhərinin mahiyyətində yaşanılan, yaşanıla-yaşanıla yaşadılan ovqat Vətənə sevgidi. Bu sevgi yüzləri eyni məkanda, eyni zamanda, eyni çılğınlıqla, eyni kövrəkliklə, eyni qürurla əhatəsində saxlamaq qüdrətindədi.

Məkan “N” hərbi hissəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısıdı. Qələbəlik gənc əsgərlərin hərbi andiçmə mərasiminə görədi.

Bu həlim qış səhəri dan yeri söküləndən bəri ağacların budağından üzülməmiş yarpaqları ahəstəcə titrəməkdədi. Dar macalda mənə elə gəlir ki, bir azdan Hərbi and içəcək gənc əsgərlərin analarının ürəyi də beləcə titrəyir. Duyulsa da belədi, duyulmasa da. Bir azdan - tədbirin rəsmi hissəsi, gənc əsgərlərin Hərbi andiçməsi, rəsmi keçid başa çatandan sonra “Boyuna qurban olum!” kəlmələri bu kövrək titrəyişi yumşaldacaq, qoşa qollar əsgər oğulun kürəyində çarpazlaşacaq. Bir anlığa nə əsgər oğul dinəcək, nə də əsgər oğulun anası...

...Rəsmi hissədən sonra əsgər babasının əsgər nəvəsinə dedikləri çəkdi diqqətimi: “Mən sovet ordusunda xidmət etmişəm, atan öz ordumuzda. Nə mənim, nə də atanın xidmət şəraiti sizin xidmət şəraitinizlə müqayisə oluna bilməz. İstər kazarmanız, istər yeməyinizin çeşidləri, keyfiyyəti, istərsə də digər amillər. Siz qüdrətli bir orduda xidmət edirsiniz. Atanın təcili işi olduğuna görə gələ bilmədi. “Açıq qapı” günündə gələcək. Mən əminəm ki, sən bizə başucalığı gətirəcəksən, ay oğul.”

Əsgər nəvə babasının köksünə sığınmışdı. Bu əvəzsiz sevgini müşahidə etmək də yaşamaq qədər gözəliydi...

12-13 yaşlı yeniyetmənin əsgər qardaşına davamlı sualları digərləri kimi mənim də diqqətimi çəkdi:

-Hərbi xidmətin çətinliyi varmı? Öhdəsindən gələ bilirsənmi? Avtomat atmağı öyrənibsənmi? Düzgün atmağı, dəqiq nişan almağı bacarırsanmı? Postlara nə vaxt çıxacaqsan?

Bu suallar adi suallar kimi dinlənilmədi. Bu sualları zaman anlamında sabahın əsgəri verirdi. Onun hərbi xidmətdə nələr edəcəyini indidən bilməsi də könüləyatımlıydı...

“Ağ atlı oğlan” bədii filmində Muradı xatırladım, sağa baxdım, sola baxdım, buludsuz göy üzünə baxdım, özümün şahidliyimlə özümə pıçıldadım: yeniyetmələrimiz yeniyetmə yaşından əsgərləşir, Ana Torpaq! Elə istərdim ki,  bu pıçıltını şəhidlərimizin narahat ruhları da eşitsin...

Bir qədər əvvəl Hərbi andiçmə tədbirində əsgər atası Kərim Qasımov demişdi:

-   Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksəltdi, 2016-cı ilin Aprel döyüşlərində zəfər qazandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” kəlamını hər bir əsgər atası kimi mən də qürurla yaşayıram. Oğlum bu gün Vətənə sədaqət andı içdi. Oğlum əsgər adıyla, mən əsgər atası adıyla qürur duyuruq.

Bir qədər sonra qarşı-qarşıya gələndə bir az əvvəl tanıdığım və heç zaman unutmayacağım Kərim Qasımova son kəlmələrini xatırlatdım: “Bu kəlmələri eşitdiyimizə görə biz də qürur duyuruq”,  - dedim.

Yan-yörəmizdəkilər məmnunluqla gülümsündülər, yəni, elədir...

Yaşı 70-i aşan  kişi alnını ovuşdurub ağır-ağır dilləndi:

-   Biz yaşda kişilər zamanında sovet ordusunda xidmət etmişik. Nənələrimiz-babalarımız demişkən, dünyanın o başında. Biz də Hərbi and içmişik. Biz də zabitlərin əmrlərini məsuliyyətlə yerinə yetirmişik. Onda əmr verənlər ayrı millətlərin zabitləriydi. Onda biz Vətən adına sovet hökumətini qoruyurduq. İndi öz dövlətimiz, öz ordumuz var. İndi əmr verənlər öz zabitlərimizdi. İndi nəvələrimiz müstəqil Azərbaycanımızı qoruyur. Bu ordunun  əsgəri olmağıyla, əlbəttə ki, hər biri qürurlanır. Belə orduyla bütün məmləkət qürurlanır. Ordumuz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək...

Kəlmələr bayaqkı qürurun göyqurşağı oldu...

Bir qədər aralıda iki əsgərlə üç atanın əhatəsində söhbət edən ağsaçlı kişini tanıdım. Səmədiydi, 1993-cü ilin payızında Zəngilanda tanış olmuşduq. O vaxtlar giziriydi. Qoşa qollarımız bir-birimizin kürəyində çarpazlaşdı. Rəhmətlik Yusif belə görüşlərə  qardaş görüşü deyirdi...

-   Nəvəm Hərbi and içdi, qardaş, - Səməd əllərini ovxalayıb 27 il əvvəl tanıdığım çılğınlıqla dedi. Son kəlməsi bitər-bitməz qaşları çatıldı:

-   Vətən - Vətəndi. Vətən torpağının doğması-ögeyi olmur. Azərbaycanın hər qarışı mənə  doğmadı. Ancaq Zəngilan... Zəngilan ruhumdu. Göz açıb Zəngilanı görmüşəm. Boya-başa çatınca Zəngilanın timsalında Azərbaycanımızı  sevmişəm. Son nəfəsimi Zəngilana təslim etməsəm, gorum od tutub yanar...

Bu, ötəri kövrəklik  olacaqmış. Bu kövrəklik əsgərləri görüncə sovuşdu. Qüruruna dədə boyu verməyən sevincini qazilər kimi yaşaması məni illərin o üzünə apardı. Şüküratazda kəlmələşdiyimiz anları xatırladıq. Bundan o yana nə xatırladıqsa, sükutla, səssiz, kəlməsiz xatırladıq. Bir də bir əhdimizi xatırladıq: İsa  bulağından 7 qurtum su içək, Ərgünəşdə 7 ocaq qalayaq, Cıdır düzündə 7 qucaqlıq yerdən 7 çiçək dərək. “Bu əhdimizi Ali Baş Komandanın döyüş əmriylə bu əsgərlər gerçəkləşdirəcək, mənim nəvəm də onların sırasında”, - Səməd belə dedi. Baxışı baxışıma, baxışım baxışına  sarıldı. Belə doğmalığı həmişə arzulamışam...

...Əsgər anasına baxır, ana əsgər oğluna. İkisinin də baxışında 20-30 günün ayrılığının  kövrəkliyi var. Əsgərin baxışlarından “Narahat olma, anam. Arzuladığınız kimi xidmət edəcəm. Babamın da, atamın da döyüş yolunu davam etdirəcəm. Kəndimizə qələbəylə qayıdacam” - oxunurdu, ananın baxışlarından “Bir anan mənəm, biri Vətəndi, ay oğul. Bu gün and içdiniz. Andınıza sədaqətli olacağınıza yerə-göyə inandığım qədər inanıram...” - oxunurdu. Görənlərin, duyanların könlü tellənirdi. Buludsuz  göy üzü Hərbi and içmiş əsgərləri salamlayırdı. Səmədə baxdım.  O da mən baxan səmtə baxırmış. O da əminiydi ki, mən də əminiydim ki, yaxın vaxtlarda İsa bulağından 7 qurtum si içəcəyik, Ərgünəşdə 7 ocaq qalayacağıq, Cıdır düzündə 7 qucaqlıq torpaqdan 7 çiçək dərəcəyik...

Rəşid Faxralı