13 avqust 2019 20:47
118

“CNSNews” nəşri Azərbaycan-İsrail münasibətlərindən yazıb

Amerikanın “CNSNews” nəşrində xəbərlər bölməsinin redaktoru və onlayn kontentin, həmçinin “The Jerusalem Post” strategiyasının rəhbəri Maayan Caffe-Hoffmanın Baş Nazir Benyamin Netanyahunun rəhbərliyi altında İsrailin qazandığı nailiyyətlərdən bəhs edən məqaləsi dərc olunub. Məqalədə Netanyahunun 13 illik hökuməti dövründə onun rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunan uğurlardan, xüsusən İsrailin müsəlman ölkələri ilə münasibətlərindən danışılır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-İsrail münasibətlərinə toxunan Caffe-Hoffman iki dövlət arasında bu əlaqələri İsrailin müsəlman ölkələri ilə münasibətlərində artan nailiyyətlərin parlaq nümunəsi adlandırıb. Netanyahu özü İsrail-Azərbaycan münasibətlərini "bizim dünyaya göstərə biləcəyimiz əlaqələr" kimi dəyərləndirib.

İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində).

Müəllif vurğulayır ki, İsrail-Azərbaycan münasibətləri təkcə təhlükəsizlik sahəsində tərəfdaşlıqdan ibarət deyil. Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. Müəllif vurğulayır ki, 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb.