26 iyun 2020 11:46
317

COVID-19-a qarşı mübarizə tədbirləri: Əhalinin sosial müdafiəsi prioritetdir

Dünyanı sözün əsl mənasında varlığı və yaratdığı fəsadlarla təngə gətirən koronavirus yayım arealını getdikcə genişləndirir. Digər dünya dövlətləri kimi, Azərbaycan da koronavirusla operativ və lazımi tədbirlər əsasında mübarizə aparır. Hər zaman olduğu kimi dövlət siyasətində, həyata keçirilən tədbirlərin məğzində insan amili, vətəndaşların sağlamlığı və sosial rifahının müdafiəsi prioritetlik təşkil edir. Bu baxımdan koronavirusa qarşı mübarizə dövründə də əhalinin sosial müdafiəni gücləndirmək istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan dövlətinin pandemiya dönəmində vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti iyunun 23-də daha bir Qərar qəbul edib. Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə işsiz kimi qeydiyyata alınmış şəxslərə müvafiq yoxlamalar həyata keçirildikdən sonra 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar üzrə aprel-may aylarında 190 manat ödəmə almış şəxslərin eyni məbləğdə ödəmə alması üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında pandemiya dövrü ilə əlaqədar olaraq 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib. İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Bundan başqa, Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan sosial dövlətdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin siyasətinin əsas xəttini təşkil edir. Prezident İlham Əliyev dövlət siyasətini vətəndaşların zəruri ehtiyaclarının təminatı əsasında formalaşdıraraq qarşıya sosial vəziyyəti dünyanın digər inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb.

Xüsusilə pandemiya dövründə dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir. Müvafiq kateqoriyadan olan insanların belə kritik zamanlarda sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Göründüyü kimi, koronavirusun tüğyan etdiyi belə bir gərgin dönəmdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əminliklə deyə bilərik ki, ölkəmizdə sosial təminatla bağlı da operativ, lazımi, humanist və konkret məqsədə hesablanmış tədbirlər görülür. Sosial amilin dövlət siyasətinin prioritet istiqamət seçilməsinin nəticəsidir ki, pandemiya dövründə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsi təmin edilir. Karantin dövründə ehtiyacı olanlara, yaşı 65-dən yuxarı olan insanlara da dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi də humanist addımlar sırasına özünəməxsus yer tutur. Dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda isə təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Dövlət başçısının göstərişinə əsasən, 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olundu. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də bu proqramın tərkib hissəsidir. Ünvanlı sosial yardım proqramını əhatə edən insanların sayı kəskin artır. Qeyd edək ki, 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 222 manat vəsait ödənilir. Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Sosial tədbirlərin hər biri yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşmasına və sosial təminatının inkişafına xidmət edir. Bütün bunlar onu göstərir ki, dövlət başçımız təkcə sözdə deyil, əməldə də hər zaman xalqının yanındadır. Nəticə isə “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir.

Yaqut Ağaşahqızı,

“İki sahil”