13 avqust 2020 18:05
1075

COVID-19: Azərbaycanda sosial sahədə də nümunəvi layihələr icra olundu

Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə də insanların sağlamlığının qorunması, sosial rifahının təminatı, vətəndaş məmnunluğunun artırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Təbii ki, Azərbaycanın pandemiya ilə mübarizədə nümunəvi ölkələr sırasında qabaqcıl yer tutmasında həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar paketinin də əhəmiyyətli rolu var. Dövlətimizin həyata keçirdiyi məşğulluq və sosial dəstək tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri tərəfindən də yüksək dəyərləndirilib.

Koronavirus infeksiyasının geniş yayıldığı ilk gündən iş yerlərinin azaldılmayacağını, sosial layihələrin təxirə salınmayacağını bildirən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait  təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.

Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. İş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən əmək müqavilələrinin sayında da 120 min (19%), əməkhaqqı fondunda isə 15% artım özünü göstərib. Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilir. Pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb. 

Bununla yanaşı, dövlət  başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı da 90 minə çatdırılıb, özünüməşğulluq proqramı da genişləndirilib. Dövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib. Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur.

İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişləndirilir. Bu isə işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılması deməkdir. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.

Pandemiya dövründə xüsusi olaraq dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına ciddi nəzarət edilir. Dövlət başçısının tapşırığına əsasən, işləməyən və məşğulluq mərkəzlərində qeydiyyatdan keçmiş 600 min vətəndaşa aprel–may aylarında yardım kimi 190 manat birdəfəlik vəsait ödənildi. Dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, iyul ayında da sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 190 manat birdəfəlik ödəmənin avqust ayında da verilməsi əhalinin həyat tərzinin yaxşılaşdırılmasının dövlət başçısının diqqət mərkəzində saxlanıldığının göstəricisidir. Zərərçəkmiş sahibkarlıq subyektlərinin dövlət tərəfindən 250 manat həcmində  birdəfəlik maliyyə yardımı və güzəştli kreditlərlə təmin edilməsi, vergi tətilləri və güzəştlərinin tətbiq olunması Azərbaycanın bu sahədə nailliyətlərinin bariz nümunəsidir. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Bütün bunların timsalında bir daha görürük ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının yanındadır, onların sağlamlığını və rifahını qorumaq, təhlükəsiz həyat tərzini təmin etmək məqsədilə heç nəyi əsirgəmir.

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olundu. Sosial tərəfdaşlar vasitəsilə  100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.  Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.

Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirilib. Bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.

Pandemiya dövründə həyata keçirilən tədbirlər Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin istər pandemiyadan əvvəl, istər pandemiya, istərsə də postpandemiya dövründə hədəflərinin dəyişməz olduğunu təsdiqləyir. Əsas məqsəd əhalinin sosial müdafiəsini gücləndirmək, cari il üçün nəzərdə tutulan bütün sosial layihələri ixtisar etməmək əksinə icrasını sürətləndirməkdir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan Prezidentinin vətəndaşların yanında olmasını, onların qayğıları ilə maraqlanmasını, əhalinin rifahının təmin olunmasını, sosial ədalət prinsiplərinin dayandığını bir daha  sübut edir.

Yaqut Ağaşahqızı, “İki sahil”