03 iyun 2020 15:28
975

COVID-19-la  mübarizədə əsas yük həkimlərin üzərinə düşür

Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, həkimlərimiz öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyaraq xəstələrə gecə-gündüz xidmət edirlər

Koronavirus pandemiyası hər bir sahənin inkişafını, ölkələrin malik olduğu imkanları, həyata keçiriləcək islahatların daha da dərinləşdirilməsinin vacibliyini ortaya qoydu. Bu gün  vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından az itki ilə çıxmaq üçün zəruri olan addımlar atılır və beynəlxalq səviyyədə təqdir edilir.  Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır.

     Sağlamlığımızın keşikçiləri olan həkimlərimizi  öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü  koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər. Bu gün  sağlamlığımız uğrunda gedən mübarizənin əsas qəhrəmanları, öncülləri şəfalı əlləri ilə insanlara xidmət edən, hər gün, saniyə xalqımız tərəfindən alqışlanan həkimlərimizdir. Dövlətimizin başçısı İlham Əliyevin Bakıda «Yeni klinika» tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək,  Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: «Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.»  Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın  küçələrində yerləşdirilən  reklam lövhələrində  həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. «Eşq olsun Azərbaycan həkimlərinə!», «Evdə qalaq həkimlərə dəstək olaq!» kimi çağırışların yer aldığı həmin  təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin  səyləri nəticəsində  koronavirus  pandemiyasına qarşı mübarizə qalib olacaq, bu sınaqdan az itki ilə çıxacağıq.

    Azərbaycanın mübarizə tədbirlərinə ilk andan başlaması  Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi. Vətəndaşlara bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi  çoxalmaz, əhatə dairəsi genişlənməz.
     Ölkə Prezidenti bu müqayisəli təhlili diqqətə çatdırır ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları  onların ixtiyarına verilib. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı da  görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası  səhiyyənin inkişafına və  insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır.  Sənəd koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb.  Hər birində 200 çarpayı olan modul tipli 10  xəstəxananın quraşdırılması nəzərdə tutulur. Artıq ilk modul tipli xəstəxana kompleksi istifadəyə verilib. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər. Cənab İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışında bu məqamı xüsusi qeyd etmişdir ki,  hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilirdi. Ancaq bu dövrdə hər kəs gördü ki, orada vəziyyət artıq böhranın pik həddinə çatıb. Ona görə əlbəttə ki, müqayisə aparılanda Azərbaycan dövlətinin gördüyü işlər böyük üstünlük təşkil edir: «Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır.»

     Bu vacib məqam da diqqətə çatdırılır ki, həkimlər, mütəxəssislər yaxşı bilirlər ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. «Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün ictimaiyyət də bununla bağlı məlumatlandırılmalıdır.

   Təbii ki, yenə də əsas məsuliyyət həkimlərimizin üzərinə düşür. Məsuliyyətsizlik üzündən, yaxud  immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata  qaytarmaq üçün həkimlərimiz gecəli-gündüzlü çalışır, koronavirusla mübarizə aparır. Dünya ölkələri üzrə yoluxma və ölüm hallarının statistikasına diqqət yetirsək, onların arasında tibb işçilərinin əksəriyyət təşkil etdiklərini görərik. 

   Pandemiyanın dünyanı cənginə aldığı ilk vaxtlarda özünə qapanma, depressiya hallarının geniş vüsət alması diqqətdən kənarda qalmadı. Maarifləndirmə işinin gücləndirilməsi, həmçinin virusa yoluxan xəstələrə həkim qayğısı bu kimi halların aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Bu baxımdan ki, hər bir xəstəliyin müalicəsi ilk olaraq yaradılan xoş ovqatdan, həkim  qayğısından, onların xəstələrə yanaşma tərzindən, sabaha yaratdıqları ümidlərdən asılıdır. Pozitiv ruh  ən ağır xəstələrin belə şəfa tapmasında, sabaha böyük ümidlərlə baxmalarında əhəmiyyətli rol oynayır. Müqayisəli təhlil əsasında  bu fikri açıqlamağı da özümüzə borc bilirik ki,  müəyyən xəstəliklə əlaqədar üz tutacağımız həkimləri nəzərdən keçirərkən daha çox  dilə gətirdiyimiz məqam bu olur ki, çox gülərüz, canıyanan, pozitiv əhval-ruhiyyə yaradan, ya da çox soyuqqanlı həkimdir. Demək ki, xəstəliklə mübarizəmiz həkimlərin bizlərdə yaratdıqları müsbət enerjidən asılıdır. Amma unutmayaq ki,  bu keyfiyyətləri bütün hallarda hər   sahənin insanlarında axtarır və bölgü prinsipi aparırıq. Ona görə bu fikri bu gün böyük  ruh yüksəkliyi ilə qeyd edirik ki,  havanın hansı durumda olmasından asılı olmayaraq, koronavirusdan qorunmaq üçün istifadə etməyin bir zərurət olduğu geyimlərdə bayram, istirahət günlərini belə  unudaraq xəstələrin sağlamlığının keşiyində dayanan həkimlərimizə minnətdarıq. «Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir: «Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar.»

    İstər  pandemiya dövründə koronavirus xəstələrinin ixtiyarına verilən «Yeni klinika» tibb müəssisəsinin, istərsə də  modul tipli ilk xəstəxana korpusunun açılışında  həkimlərimiz  onlara göstərilən diqqət və qayğının,  əməklərinə verilən qiymətin daha məsuliyyətlə çalışmalarında böyük stimul olduğunu, ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirmək istədiklərini diqqətə çatdırdılar: «Sizi əmin etmək istəyirik ki, bu çətin və şərəfli yolda əlimizdən gələni əsirgəməyəcək, ölkəmizə layiqincə xidmət göstərəcəyik.»                                                                                                                                                                                

     Həkimlərin əməyinə verilən dəyərdən,  koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasından bəhs edən cənab İlham Əliyev atılan addımları   dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı xüsusi qeyd edir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil.  Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.

   Qeyd edilənlər fonunda   şəfalı əlləri ilə xəstələrimizə  yenidən həyat bəxş edən həkimlərimizə minnətdarlıq hər bir vətəndaşın borcudur.

Yeganə Əliyeva,

«İki sahil»