29 oktyabr 2020 18:02
989

COVID-19: Məsuliyyətli olaq ki...

Dünya dövlətlərinin rəsmi statistikasına əsasən artıq pandemiya qurbanlarının sayı 1 167 988 nəfərə yüksəlib və ölüm halları hər gün artmaqdadır.

Hər gün itkilər, hər gün bir neçə qara xəbər. Düşünmürsünüzmü ki, virus hər kəsin qapısının ağzında dayanıb ona içəri keçməyə yol vermələrini gözləyir? Çünki hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən, evdə özünü kortəbii müalicə edən, xəstəliyi gizlədən, “belə xəstəlik yoxdur” deyən vətəndaşlarımız var. Bunun özü məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərən bəzi vətəndaşlarımıza nəsə demirmi? Tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək, sosial məsafəni gözləmək, karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir? Dövlət bundan artıq nə etsin?

Pandemiya başlayandan bütün dünyada olduğu kimi, ölkəmizdə də  koronavirusun yaratdığı təhlükəyə qarşı hərtərəfli mübarizə aparılır. Profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün Prezidentin Sərəncamı ilə yaradılan Nazirlər Kabineti yanında operativ qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq, martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan etdi. Dövlət başçısı tərəfindən pandemiyanın mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında Fərman imzalandı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddət ərzində 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Maska və kombinezon istehsal edən müəssisələr işə salındı. Bundan əlavə, bu dövrdə “Yeni klinika” tibb müəssisəsi və modul tipli 4 xəstəxana kompleksləri istifadəyə verildi.

Görülmüş tədbirlər müsbət nəticələr verdiyindən, yəni gündəlik məlumatlara əsasən, sağalanların sayı yoluxanlardan çox olduğuna görə, aprelin 27-dən etibarən mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlandı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu operativ qərargahın tələblərinə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Buna görə də yoluxma halları günü-gündən artmaqdadır.

Sərt rejimin yumşaldılması məsuliyyətsiz davranmağımıza əsas vermir. Qaydaların yenidən sərtləşdirilməsinə və cəza sanksiyalarının tətbiq olunmasına ehtiyac zərurətdən yarandı. İnsanlardan tələb olunan budur ki, hər bir kəsi, ən doğması olsa belə, potensial xəstə kimi qəbul edərək qorunsun.

Ölkəmizdə koronavirus xəstələrini müalicə etmək üçün dövlət tərəfindən

bütün vasitələrdən istifadə edilir. Nəinki xəstəxanalarda, hətta, karantində qalan vətəndaşlar üçün də dünya miqyasında ən yaxşı şərait Azərbaycanda yaradılıb. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir. Gəlin, bu bəladan az itkilərlə çıxmaqda dövlətə dəstəyimizi göstərək. Maska taxaq, məsafə saxlayaq və gigiyenik tələblərə əməl edək. İnanaq və inandıraq ki, hər şey biz vətəndaşlardan asılıdır. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına atır. Hamılıqla operativ qərargahın qayda və tələblərinə əməl edək, həm özümüzü, həm də cəmiyyəti qoruyaq.

Röya Rasimqızı, “İki sahil”