08 iyul 2020 10:53
1109

COVID-19: Özünəqapanma, əlahiddə mübarizə, yoxsa...

COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsilə vətəndaşlara təqdim edilməkdədir. O cümlədən dövlətimizin başçısı İlham Əliyev bütün çıxışılarında da insanları məsuliyyətli davranmağa, pandemiyaya qarşı birgə mübarizə aparmağa dəvət edib.

Eyni zamanda, dövlətin indiyədək gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağına əminliyini ifadə edib. Çünki dövlət bunun üçün lazımi addımlar atıb. Bu gün Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Açılışı olmuş 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın da açılışının olması, eyni zamanda, əlavə olaraq daha bir neçə xəstəxanaların da inşasının nəzərdə tutulması dövlətin pandemiya ilə mübarizədə və xalqın sağlamlığının qorunmasında necə prinsipial mövqe tutduğunu isbatlayır.

Koronavirusla mübarizədə daha effektiv nəticənin əldə olunması isə təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Azərbaycanda pandemiyanın başlamasından sonra ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Lakin məsuliyyətsiz davranışlar, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun daha geniş yayılmasına şərait yaratdı. Əgər ilk gündən qaydalara istisnasız əməl olunsaydı Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı, şübhəsiz ki, indikindən dəfələrlə az olacaqdı. Doğrudur, hazırda Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır, məsuliyyətli davranırlar. Lakin aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər də var. Təəssüf ki, hələ də ictimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Unutmamalıyıq ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Dünyada hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. İndi dünyada bir çox ölkələr - Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan yeganə çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir.

Honq Konq Universitetinin epidemiologiya üzrə professoru Ben Koulinqin fikrincə, bəzi insanlar koronavirusun müvəqqəti virus olduğunu, pandemiyanın artıq keçib getməkdə olduğunu düşünürlər. Halbuki bu çox fəlakətli və qorxulu nəticələrə səbəb ola bilər. O deyib ki, insanların çoxu hələ də anlamır ki, indiyədək olanlar koronavirus üzərində qələbə yox, müvəqqəti uğurdur.

Bir sözlə, bu gün COVID-19 durmadan inkişafdadır, böyüyür, mutasiya edir və məhz bu səbəblərdən onu saxlamaq mümkün deyil. Karantin qaydalarına, sosial izolyasiya tədbirlərinə, eləcə də gigiyenik tələblərə riayət etməyimiz bu dövr üçün ən yaxşı virusdan qorunma üsulumuzdur.

Nigar Orucova, “İki sahil”