30 iyun 2020 11:15
247

COVID-19: Sahibkarlara dövlət dəstəyi davam edir

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə bir çox iş yerlərinin fəaliyyətini dayandırmağa məcbur olması sahibkarlara təbii ki, təsirsiz ötüşmür. Elə bu səbəbdən də dövlət hər zaman olduğu kimi, pandemiya müddətində də bir çox sahədə fəaliyyət göstərən sahibkarlara maddi yardım göstərməyə davam edir.

İtisadiyyat Nazirliyinin məlumatına əsasən, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı əsasında 23 iyun tarixinədək nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28.709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117.031 fərdi (mikro) sahibkar olmaqla ümumilikdə 145.740 vergi ödəyicisi müraciət edib. İşçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 210.152 işçini əhatə edən 24.492 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar isə davam edir. Bildirilir ki, indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 96,28 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 48,14 milyon manat təşkil edir. İyunun 23-nə olan məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24.017 vergi ödəyicisinə 205.137 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 92,54 milyon manat, o cümlədən 2-ci ay üzrə (50 faiz) 44,68 milyon  manat vəsaitin köçürülməsi təmin edilib. 

Kiçik fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117.031 vergi ödəyicisindən müraciət daxil olub ki, bundan da 109.283 müraciət təsdiqlənərək və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi isə 62,91 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 62,68 milyon manat vəsaitin 105.052 kiçik fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Xatırladaq ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan hər hansı sualla bağlı bildirilir ki, vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Taleh Bağırov,

“İki sahil”