03 avqust 2020 18:57
995

COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir

Yaqut Qarayeva: “Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir”

 

COVİD-19 virusunun mutasiyası barədə fikir söyləmək çox tezdir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı azalıb: "Bu, sərtləşdirilmiş karantin rejiminin nəticəsidir. Bu gün ağır xəstələrin sayı azalıbsa, bu, bizi sevindirir. Amma virusun mutasiya edilərək zəifləməsi barədə elmi fikirlər yoxdur".

Yaqut Qarayeva deyib ki, koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü bir prosesdir.

Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi istifadə edilir: "Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var".

Yaqut Qarayeva deyib ki, COVİD19-a qarşı peyvəndin istehsal olunması diqqət mərkəzindədir. Onun sözlərinə görə, bir peyvəndin hazırlanması uzun müddət tələb edir: "Bütün dünyada bu istiqamətdə aparılan işlər araşdırılır. Bununla bağlı TƏBİB-in rəhbərliyi tərəfindən tapşırılıb ki, araşdırmalar nəticəsində təkliflər hazırlansın və hökumətə təqdim edilsin".