25 yanvar 2019 20:04
222

Dağıdıcı müxalifətin suya düşən planı

Bir həftə əvvəl özünü “əsas müxalifət” hesab edən, dağıdıcı qüvvələrin birləşdiyi “Milli Şura” adlandırılan qurumun və onların ətrafında olan azsaylı təşkilatların keçirdiyi mitinq bir daha göstərdi ki, bu qruplaşma getdikcə zəifləməkdə və siyasi gülüş hədəfinə çevrilməkdədir. Yanvarın 19-da keçirilən mitinqin zəifliyi, müşahidə edilən nizamsızlıq və iştirakçıların hər zamankından da az olması göstərir ki, bu qüvvələr cəmiyyətdə onsuz da zəif olan dəstəyini tamamilə itirmək üzrədir. Lakin onlar hərdən bir belə mitinq-şou düzəltməklə varlıqlarını davam etdirməyə çalışırlar.

Maraqlıdır ki, rüsvayçı təşkilatçılığa və xaosa rəğmən “Milli Şura” adlandırılan qurumun “Məhsul mitinqi” sosial şəbəkələrdə tam əksinə təqdim edilir. Elə təəssürat yaradılır ki, sanki mitinq böyük izdihamla keçirilib və müxalifətin “qələbəsidir”. Ancaq ictimaiyyət əsl həqiqətin belə olmadığını öz gözləri ilə gördü.

Məsələ burasındadır ki, 19 yanvar mitinqi yalnız ölkə daxilindəki çağırışlarla baş tutmamışdı. Xarici antiazərbaycan mərkəzlər tərəfindən idarə edilən ünsürlərin də ciddi-cəhdlərinə baxmayaraq aksiya olduqca sönük və zəif alındı. Bu, antimilli qüvvələrin birgə fəaliyyətinin nəticəsi kimi təqdim edilməlidir.

Əslində onların davranışlarından, çıxışlarından əsl niyyətləri bəllidir. Bu qüvvələr Azərbaycanı da bəzi Şərq ölkələri kimi iğtişaşlara və xaosa sürükləmək istəyən dairələrin əlində vasitəyə çevriliblər. Radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar.

Dağıdıcıların niyyətlərinin iç üzü yanvarın 19-dan sonrakı davranışlarında da özünü büruzə verdi. Mitinqdən sonra, ayın 20-də Şəhidlər xiyabanında radikal müxalifət və onun  başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın oldu. Onlar çirkin planlarını həyata keçirmək üçün xalqımızın ən müqəddəs dəyərlərindən də istifadə etməkdən çəkinmirlər. Görünür bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətindən çox uzaqdırlar.

Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları ayaqlar altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Görəsən bunu digər müxalifət partiyalarının rəhbərləri, funksionerləri necə qəbul edirlər?

Dağıdıcı qüvvələrin və onların havadarlarının yenidən fəallaşması təsadüfi deyil. Hazırkı proseslər deməyə əsas verir ki, bu fəallıq Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə və daxildə əldə etdiyi uğurlara kölgə salmaq məqsədi güdür. Görünür, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistemli islahatların miqyasını genişləndirdikcə, Azərbaycanın idarəetmə fəlsəfəsini dəyişməyə çalışdıqca özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar.

Digər tərəfdən, belə bir haqlı sual da yaranır. Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışanların məqsədi nədir? Əlbəttə, məqsəd aydındır: onlar belə tapşırıq alırlar və canla-başla onu icra edirlər. Məqsəd Azərbaycanı zəiflətməyə cəhd etməkdən başqa bir şey deyil.

Dağıdıcı müxalifətin xaotik davranışları onu deməyə əsas verir ki, yanvarın 19-20-də baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona hüquqi qiymət verilməyincə dağıdıcıların hər hansı kütləvi aksiya keçirməsi məqsəduyğun deyildir. Əlbəttə, Əli Kərimli və onun özü kimi marginallaşmış dəstəsi bunu hakimiyyətin guya onlardan çəkinməsi kimi qələmə verməyə çalışacaqlar. Lakin hazırkı iqtidarın xalqın tam dəstəyini qazanması dəfələrlə sübut olunub. Belə olan halda hakimiyyətin bir qrup xaotik dəstədən çəkindiyini söyləmək gülünc olardı.

Taleh Turqut, “İki sahil”